Xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinən Piriyev Rüfət polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
Sosial şəbəkələrdə “Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev barəsində çoxsaylı şikayətlər yayılır.
Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şikayətçilər R.Piriyev tərəfindən aldadılaraq külli miqdarda vəsaitlərinin ələ keçirildiyini iddia edirlər. Saylarının 200 nəfərdən çox olduğunu bildirən şikayətçilər R.Piriyevin ABŞ və Kanadaya köçmək, orada şirkətlərin qurulması və digər vədlərlə onlardan pul aldığını, lakin vədinə əməl etmədiyini, pulları da geri qaytarmadığını bildiriblər.
Şikayətçilərdən biri isə bir neçə ay əvvəl R.Piriyevi paytaxt ərazisində aldığı pulları qaytaracağı ilə bağlı danışdıraraq çəkdirdiyi videonu paylaşıb. Həmin şəxs bu videodan sonra da pullarını ala və Rüfəti tapa bilmədiyini deyib.
Əldə edilən məlumata görə, çoxsaylı şikayətlər əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə axtarışa verilib.
Qeyd edək ki, greencard.az saytında “Greencard Azerbaijan”ın şirkət olaraq “Abroad”MMC-yə məxsus olduğu, rəsmi dövlət qeydiyyatından keçdiyi yazılıb.