Genişmiqyaslı müharibə başlayacaq – “Artıq əmin ola bilərik”

2022-ci ilin bu günü Rusiya Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırdığı hücum aktını həyata keçirdi və o tarixdən etibarən demək olar ki, müharibə fasiləsiz davam edir. Bu gün Yaxın Şərqdə baş verənlər bəzi siyasi dairələrdə Ukrayna savaşının inikası sayılır. Artıq Üçüncü Dünya müharibəsinin başladığını və miqyasının getdikcə böyüyəcəyini deyənlər, ABŞ-İran, ABŞ-Çin və s. toqquşmaların gözlənildiyini iddia edənlər də var.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov qeyd edib ki, dünyanın çox yerində müharibələr gedir:

“Rusiya-Ukrayna münaqişəsinin iki ili tamam olur. Buna əslində Rusiya-Qərb müharibəsi deyilməlidir. Çünki NATO ölkələri Kiyevə hərbi yardım göstərməkdə davam edir. Rusiya siyasiləri də dəfələrlə Ukrayna ilə deyil, Qərblə döyüşdüklərini bəyan ediblər. Hər iki tərəf çox sayda itkilərin verildiyini bildirir.

Digər tərəfdən oktyabr ayında HƏMAS-İsrail münaqişəsi başladı. Bununla da Yaxın Şərq od tutub yandı. Dünya siyasətçiləri HƏMAS-ın arxasında İranın durduğunu göstərir. Bunun qarşılığında Tehranın hərbi obyektlərinə hücumlar olur. Hətta son günlərdə İranın öz sərhədlərini bağlamaq istədiyi ilə bağlı xəbərlər də yayılır. Çünki ölkəyə daxil olanlar içərisində İsrail, ABŞ casuslarının olduğunu bildirirlər.

Bundan başqa, Çin-Tayvan məsələsi gündəmdədir. Vaşinqton Tayvana həddindən artıq yardım göstərir, bu da Çin və ABŞ arasında müharibənin olacağına əminlik yaradır”.

Politoloqun fikrincə, Üçüncü Dünya müharibəsinin daha da alovlanmasının qarşısını almaq istəyirlər:

“İran-İsral-ABŞ müharibəsi qaçılmazdır. İran uzun zamandır ki, sanksiyalara məruz qalır. Tehran nüvə silahı əldə etməyə çox yaxındır. Buna görə də həmin müharibənin baş verməsi istisna edilmir”.

E.Həsənov deyib ki, bəzi Avropa ölkələri Cənubi Qafqazda müharibənin başlamasında maraqlıdır:

“Onlar Ermənistanı silahlandırırlar. Hər tərəfdə müharibəyə meyil artıb. Bu isə mənfi nəticələr verəcək”.

Safura Bənnayeva
Globalinfo.az