Bakı şəhəri, Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Globalinfo.az-ın xəbərinə görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, mayın 14-ü saat 14:15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Nərimanov rayonu, Həsən Əliyev küçəsindən çağırış qeydə alınıb:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1984-cü il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Sağ bazu sümüyünün sınığı diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir”.
***15:21
Bu gün paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, metronun “Gənclik” stansiyasının yaxınlığındakı avtomobil tunelində “Hyundai” və “Lexus” markalı minik avtomobilləri toqquşub.
Nəticədə, avtomobillərə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadası, eləcə də polis əməkdaşları cəlb edilib.
