G-20 sammiti: ABŞ Çin və Türk dünyasını hədəf alıb – yeni kəmər kimin boynuna dolanacaq?

Son G-20 sammitində qəbul olunan qərarlardan biri Hindistan-Yaxın Şərq-Avropa dəhlizi ilə əlaqədardır.

Globalinfo.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Hindistan, Yaxın Şərq və Avropanı birləşdirəcək yeni İqtisadi Dəhliz layihəsi barədə açıqlama verib.

Məhəmməd bin Salman G-20 sammiti çərçivəsində keçirilən Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlıqları və Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi tədbirində çıxış edərək bildirib:

“Bu gün bu dost ölkədə olmaqdan məmnunam. Hindistan, Yaxın Şərq və Avropa arasında “İqtisadi Dəhliz” layihəsi ilə bağlı anlaşma memorandumunu rəsmi olaraq elan edirik. Layihə ölkələrimiz arasında iqtisadi əlaqəni gücləndirmək və ümumi maraqlar naminə onları aydınlaşdırmaq üçün son aylarda birlikdə işlədiyimiz fəaliyyətlərin kulminasiya nöqtəsidir”.

Vəliəhdin fikrincə, layihə “dəmir yollarını, limanları birləşdirən, mal və xidmətlərin tranzitinin və tərəflər arasında ticarət mübadiləsinin artırılmasını əhatə edən infrastrukturun inkişafına və bərpasına töhfə verəcək”.

O, həmçinin layihə çərçivəsində elektrik enerjisi, hidrogenin ixracı və idxalı üçün boru kəmərlərinin çəkilməsinin planlaşdırıldığını bildirib, qlobal enerji resurslarının təhlükəsizliyini artırmaq istədiklərini vurğulayıb.

“Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhliz layihəsi üzrə anlaşma memorandumu təmiz enerjinin inkişafı, yeni iş imkanlarının yaradılması və bütün tərəflər üçün uzunmüddətli qazancların təmin edilməsi səylərini dəstəkləyir”, – vəliəhd bildirib.

Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə Hindistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Avropa İttifaqı, Fransa, İtaliya, Almaniya və ABŞ daxildir.

Bəs, bu dəhliz nə anlama gəlir və regionumuza hansı təsirləri göstərə bilər?

Heydər Oğuz

Globalinfo-nun suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, bu dəhliz regionumuza da təsirsiz ötüşməyəcək:

“Bilirsiniz ki, bu zamana qədər Hindistandan Avropaya uzanacağı düşünülən iqtisadi dəhlizin İran, Ermənistan və Gürcüstan üzərindən keçərək Qara dənizə açılacağı, ordan isə Avropa qitəsinə çıxacağı gözlənilirdi. İran məhz bu səbəbdən Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırdı. Hesab edirdi ki, Çinin “Bir yol, Bir Kəmər” projesinin önəmli keçid nöqtələrindən olan Zəngəzur dəhlizi açılarsa, Hindistanın İran üzərindən Avropaya açılması gözlənilən qapısı bağlanacaq və nəticədə o, ciddi maliyyə itkisi ilə üzləşəcək. Bu səbəbdən də Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı cizgisi” olaraq görürdü. İndi isə Hindistandan Avropaya uzanan iqtisadi dəhliz üçün daha təhlükəsiz bir marşrut tapıldı. Bu marşrut Hindistanın Mumbai limanından Oman dənizi vasitəsilə BƏƏ-nə, ordan Səudiyyə Ərəbistanı, İordaniya, İsrail üzərindən Aralıq dənizinə və Yunanıstana çıxır, Yunanıstandan isə Avropanın müxtəlif ölkələrinə uzanır. Bu isə o deməkdir ki, İran Hindistan məhsullarının tranziti layihəsində oyundankənar vəziyyətə düşür. İranın oyundankənar vəziyyətə düşməsi onun Ermənistana marağını da azaldır, İrəvanın regionda tam təklənməsi ilə nəticələnir”.

Heydər Oğuza görə, bu, həmin layihənin bizim üçün müsbət tərəfidir, amma mənfi tərəfləri də var:

“Əsas mənfi tərəf ondan ibarətdir ki, Türkiyə də İran kimi bu layihədən kənarda tutulub. Halbuki Ankara da Şərqlə Qərb arasındakı iqtisadi dəhlizlərin mərkəzi keçid nöqtəsinə çevrilmək niyyətindədir və bunun infrastrukturunun qurulması üçün böyük pullar xərcləyib”.

Siyasi şərhçi son G-20 zirvəsində Hindistan-Yaxın Şərq-Avropa dəhlizinin ABŞ prezidenti Co Bayden tərəfindən irəli sürüldüyünü bildirərək, bunun qalıcı bir layihə olduğuna da inanmır. Onun sözlərinə görə, layihə hələ anlaşma memorandumu səviyyəsindədir:

“Onun reallaşması uzun illər alacaq. ABŞ isə praqmatik dövlətdir və tez-tez öz mövqeyini dəyişir. Co Baydenin növbəti dəfə seçilmək şansı belə müəmmalıdır. Odur ki, bu xəmir hələ çox su aparacaq. Bununla belə, İrana bəlkə də indiyə qədərki ən yaxın ABŞ hökuməti Bayden administrasiyasıdır. Bildiyiniz kimi, Tramp İranla nüvə sazişindən belə çıxmışdı. Bayden hakimiyyətə gəldikdən sonra onunla danışıqları bərpa etdi. Özünə ən yaxın ABŞ hakimiyyəti tərəfindən dövrədənkənar vəziyyətə salınan İranın onun xələfləri tərəfindən həzm edilməsi də mümkün görünmür”.

ABŞ-da xarici siyasətlərin formalaşmasında lobbilərin önəmli rol oynadığını düşünən Heydər Oğuz, həm İranın, həm də Türkiyənin Hindistan-Avropa iqtisadi dəhlizindən kənarda saxlanmasını yunan və yəhudi lobbisinin birgə fəaliyyəti ilə əlaqələndirdi:

“Bilirsiniz ki, yəhudi lobbisi İrana, yunan lobbisi isə Türkiyəyə düşmən kimi baxır. Co Bayden isə daha çox yunan lobbisinin təsir dairəsindədir. Onun 36 il boyunca yunan lobbisinin güclü olduğu Delavere əyalətindən senator seçilməsi də onlarla yaxın əlaqə qurmasına səbəb olmuşdur. Bununla belə o, ABŞ xarici siyasətində həlledici rola malik olan yəhudi lobbisini də çox incitmək istəmir. Baxmayaraq ki, Co Bayden administrasiyası ilə İsrail arasında çox ciddi anlaşmazlıqlar var və bu ziddiyyətlər o həddədir ki, hətta İsrail Baş naziri öz hökumət kabinetində yer alan əksər nazirlərə ABŞ-lı həmkarları ilə görüşməyə qadağa qoyub. Belə bir vəziyyətdə ABŞ-ın İranı beynəlxalq miqyaslı projedən uzaqlaşdırmaması Tel-əviv-Vaşinqton münasibətlərini tamamilə qopara bilərdi və bundan ən çox gələn il prezident seçkilərinə qatılmağı planlaşdıran Bayden zərərli çıxardı. Görünür, bütün bu riskləri göz önündə bulunduran ABŞ prezidenti həm İranı, həm də Türkiyəni Hindistan-Yaxın Şərq-Avropa dəhlizindən kənarda tutmağa üstünlük verdi”.

Həmsöhbətimizin təxminlərinə inansaq, İranın dövrədən kənar qalması Ermənistana marağını da xeyli azaldacağı üçün onu məcburən Türkiyə-Azərbaycan-Türk dünyası xəttinə yaxınlaşacaq:

“Bu bəlkə də İranın arzuladığı ən son variantdır. Amma onun regionda təklənməsi, Hindistana bağladığı böyük ümidlər artıq puç olur. Üstəlik, İrəvanın ABŞ-a və digər Avropa ölkələrinə sığınması, onların hərbi qüvvələrinə qucaq açması da Tehranda ciddi xəyal qırıqlığı yaradıb. İran rəsmiləri bunu açıq şəkildə bildirirlər. Ən əsası isə, ABŞ-ın Çini dəngələmək üçün həyata keçirməyə çalışdığı Hind iqtisadi intibahından və dəhlizindən İran və Türkiyənin yararlanmasını istəməməsi bu ölkələrinin eyni taleyi bölüşdüklərini və bu reallığı dəyişdirmək imkanında olmadığı göstərir. Dövlətləri yaxınlaşdıran isə ortaq talelərdir. Min illər boyu Türk hegemonluğu altında qalan İran, Anadolu, Qafqaz, Mərkəzi Asiya coğrafiyası məhz bu səbəbdən bölünməz bir bütün kimi bir yerdə olmuş, yeri gələndə eyni bayraq altında birləşmişdilər”.

Sosiologiya elminin banilərindən sayılan İbn Xaldunun “coğrafiya da bir qədərdir” fikrini xatırladan Heydər Oğuz qeyd edib ki, dünyada heç bir millət bu taledən qaça bilməyib, qaçmağa can atanlar isə zamanın ağır yumruğu altında əziliblər:

“Vaxtilə Almaniya yerləşdiyi coğrafiyanın ona bəxş etdiyi tale ilə razılaşmadı və isti dənizlərə çıxmaq, daha sonra isə Avropanın böyük bölümünü öz əlinə keçirmək eşqinə düşdü. Nəticədə həm Birinci, həm də İkinci Dünya müharibəsində ağır məğlubiyyətə uğradı. Eynilə bugünkü Rusiya da coğrafi taleyi ilə kifayətlənməyib Ukraynaya hücum etdi. Nəticədə bu müharibədən uduşlu çıxacağı Kremlə də inandırıcı görünmür, məhz bu səbəbdən dünya dövlətlərini nüvə zərbəsi ilə təhdid edir. Hesab edirəm ki, İran bu acı taleyi təkrarlamayacaq, qarşı-qarşıya olduğu reallığı anlayacaq və öz daxilindəki Türk varlığını ön plana çıxarıb Türk dünyası ilə inteqrasiyaya girəcək. Əks halda onun da tarix səhnəsindən silinməsi istisna deyil”.

ABŞ və Hindistanın bu dəhliz layihəsinin regionda yeni status-kvo yaradacağını düşünən siyasi şərhçi Azərbaycan və Türkiyənin Çinə daha çox yaxınlaşacağını düşünür. Onun fikrincə, yeni dəhliz projesi ilə əslində hədəfə alınan Çindir və onun da taleyi Türk dünyası ilə eyniləşir. Bu da dünyada yeni güc mərkəzinin ərsəyə gəlməsinə şərait yaradır”.

Zaira Akifqızı
Globalinfo.az