fransa xin1

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycan səfəri müsbət məqamlar ilə yadda qalsa da bəzi sualları da yaratdı. ABŞ və Böyük Britaniyanın Qarabağ və digər məsələlərdə Azərbaycana mövqeyinin daha loyal olduğunu nəzərə aldıqda Parisin belə bir gediş etməsi diqqət çəkir.

Maraqlıdır, Azərbaycan Fransa ilə razılaşır? Bu baş verərsə, diplomatiyamızda nə dəyişə bilər? Ketrin Kolonnanın son səfəri bu məsələnin həllinə kömək edə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşən Məcidov deyib ki, Fransanın Cənubi Qafqaz siyasəti bir neçə amilə əsaslanır:

Qarabağda yeni müharibə olacaqmı? - Gözləntilər nədir...

Elşən Məcidov

“Rəsmi Paris üçün bu region çox əhəmiyyətlidir. Bu mənada Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycanda, sonra isə Ermənistana, Gürcüstana səfər etməsi diqqət çəkir. Ümumiyyətlə bu səfəri və ümumi mənada Fransanın regiona baxışını üç amil ilə səciyyələndirmək olar:

Birincisi, geosiyasi amildir. Azərbaycan Böyük Britaniya və ABŞ-la müsbət əlaqələri var. Xüsusilə Britaniya ilə münasibətlərimizin dinamikliyi diqqət çəkir. Belə ki, Fransa ilə Britaniyanın tarixi ədavəti var. Eyni zamanda unutmaq lazım deyil ki, Paris Vaşinqton ilə də rəqabət aparır. Bu kontekstdə hər iki ölkənin olduğu regionlarda Fransa da müəyyən dərəcədə olmağa çalışır.

İkincisi, daxili siyasət amilidir. Son zamanlar Fransada aparılan sorğularda Prezident Emmanuel Makronun kifayət qədər çox prestij itirdiyi məlum olub. Belə ki, fevral ayı üçün Makronun göstəriciləri 28 faiz idisə, aprel ayı üçün bu göstəricilər 26 faizə qədər enib.

Makronun buraxdığı ardıcıl səhvlər şübhəsiz onun prestijinə təsirsiz ötüşmür. Buna görə də o xüsusilə ermənilər nəzdində öz prestijini artırmaq üçün ermənipərəst açıqlamalar verdi.

Ümumiyyətlə Fransada erməni icması vahid bir düşüncə ilə hərəkət edir. Yəni onların fikri yaş və ya siyasi görüş kimi fərqlilik göstərmir. Buna görə də Makron onları müdafiə edən bəyanatlar verməsə, müxalifət bu yöndə bəyanatlar verib, dəstəklərini qazana bilər.

Üçüncüsü, xarici siyasət amilidir. Bu gün Ermənistanda ciddi bir antirusiya tendensiyası müşahidə edilir. Rusiyanın bu ölkədə mövqeyinin zəifləməsindən Fransa faydalanmaq istəyir. Ermənistanda aparılan sorğuların nəticəsindən də görünür ki, bu ölkənin təhlükəsizliyi üçün vacib görülən birinci ölkə İrandırsa, ikinci Fransadır. Bunu Makron da başa düşür və Ermənistanla münasibətlərə daha ciddi fikir verir.

Bütün bunlara baxmayaraq deyə bilərəm ki, Ketrin Kolonnanın Azərbaycana səfəri Fransanın maraqlarına uyğundur. Paris Ermənistanla münasibətlərinə baxmayaraq Azərbaycana önəm verir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: