Fransa Azərbaycana qonşu gəlir – Makron Türküstanda savaşın əsasını qoyur

“Fransa Prezidenti Emmanuel Makron ölkəsinin enerji təchizatını təmin etmək və siyasi təsir dairəsini genişləndirmək üçün Mərkəzi Asiya ölkələrinə səfər etdi. Eyni zamanda Rusiyanın təsir zonasında müdaxilə etmək, Afrikada olanların həm qisasını almaq, həm də orada olan itkiləri kompensasiya etmək, ABŞ və Rusiyanın başının qarışmasından istifadə edərək Türküstan coğrafiyasında mövqelərini gücləndirmək Fransa üçün vacibdir və etiraf edək ki, Fransa burada müəyyən nəticələr əldə edə bildi”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kamran Sultanlı Fransa Prezidenti Emmanuel Makronun Qazaxıstan və Özbəkistana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistandan sonra daha bir KTMT üzvünə Havadan Müdafiə Sistemi satmaq, həmçinin Uran ehtiyacını ödəmək, Fransız şirkətləri üçün yeni müqavilələr, sifarişlər əldə etmək, öz ölkəsində yeni iş yerləri və Türküstanda yeni iqtisadi paylar əldə edilməsi Fransa üçün müsbət nəticələrdir:

“Təbii ehtiyatlarla zəngin olan Qazaxıstan Avropa ölkələrinin xam neft tədarükçüsü olmağa can atır. Qazaxıstan Çin və Rusiya ilə yaxın münasibətlərə malik olsa da, Qərblə münasibətlərini yaxşılaşdırmağa çalışır. Bu baxımdan Makronun səfəri mühüm fürsət yaradır.

Görüşdən sonra verdiyi açıqlamada Makron iki böyük qlobal gücün ortasında olan Qazaxıstanın “bir güc arxasına düşməkdən imtina etməsinin təqdirəlayiq olduğunu” deyib. Qazaxıstan prezidenti Tokayev də Fransa və Makronu tərifləyərək, əlaqələrin yaxşılaşdığını, iki ölkə arasında və Qazaxıstanla Avropa arasında əlaqələrin yüksək qiymətləndirildiyini bildirib.

O, iki ölkə arasında siyasi-iqtisadi əlaqələri daha da inkişaf etdirmək istədiklərini bildirərək, “Fransa Avropa İttifaqında əsas və etibarlı tərəfdaşımızdır” dedi. 2014-cü ildən bu yana Fransa prezidentlərinin ilk səfəri olduğu üçün də səfər əhəmiyyətlidir.

Bundan uğurla istifadə edən Makron strateji mədənlər, əczaçılıq, energetika, aviasiya və mədəniyyət sahələrində bir çox müqavilələr imzalamağı bacardı. Bu AES tenderi qədər önəmli olan digər bir məsələ də Fransanın nüvə reaktorları üçün ehtiyac duyduğu uranın tədarüküdür”.

Ekspert qeyd edib ki, sanksiyalara görə, Rusiyadan uran idxal oluna bilmir və dünya uran istehsalının 43%-i Qazaxıstanda həyata keçirilir:

“Fransa bu ölkədə xüsusilə enerji və mədən sənayesində böyük sərmayələrə malikdir. İş o yerə çatıb ki, Fransa Çini qabaqlayaraq Qazaxıstana beşinci ən böyük xarici investordur. Makronun Qazaxıstana səfərindən sonra Qazaxıstan Türk Dövlətləri Birliyinin toplantısına Kipr Türk Cümhuriyyətini müşahidəçi üzv kimi dəvət etməyib. Türkiyənin bu məsələdə israrlı olması, deyəsən, bu problemi dəyişdirə bilməyib. Bunu həm də Fransanın Türkiyəyə qarşı bir həmləsi kimi dəyərləndirmək olar. Fransa Kipr və Yunanıstanın əsas müttəfiqidir.

“Orano” şirkəti bu yaxınlarda Özbəkistanda uran mədənində fəaliyyətə başlayıb. Bu iki Mərkəzi Asiya ölkəsində – məsələn, Avstraliya ilə müqayisədə – uran istehsalının aşağı qiyməti fransız şirkətinin iştahını artırmağa səbəb olur. Üstəlik, bu fəaliyyətləri ilə Fransa böyük rəqabətdə sahədən əhəmiyyətli paylar almağı bacarır. Bu ölkələr Çin və Rusiyanın yanındadır. Bu uğur dolayısı ilə Rusiya və Çinin paylarının kiçilməsi deməkdir və Çin də Qazaxıstandan əsas Uran idxalatçısıdır, Çin 20-dən çox yeni AES inşa etmək istəyir ki, burada da Qazaxıstana ehtiyac var. Bu baxımdan Çin Qazaxıstana ciddi şəkildə təzyiqlər edə bilər. Onu da qeyd edək ki, Azərbaycana qarşı destruktiv siyasət aparan Fransa indi Qazaxıstandan uranı idxal etmək üçün Azərbaycana ehtiyacı yaranır. Bakı isə şübhəsiz ki, Fransadan özünün Cənubi Qafqaz və birtərəfli Ermənistan siyasətinə son qoymasını tələb edəcək”.

Turan Rzayev
Globalinfo.az