Millidə nə baş verir? – Santuşdan gözlənilməz Emin Mahmudov qərarı

8 sentyabr 2024-cü il tarixində UEFA Millətlər Liqasında Slovakiya-Azərbaycan oyununda milli komandanın kapitanı Emin Mahmudovun oyuna buraxılmaması müzakirələrə səbəb olub. Bir çox futbolsevərlər buna görə baş məşqçi Fernandu Santuşu tənqid edir, kapitanı qərəzli şəkildə oyuna buraxmadığını bildirirlər. Hətta milli komandanın məhz bu səbəbdən məğlub olduğunu iddia edənlər də var.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tanınmış şərhçi, idman jurnalisti Ramiz Mirzəzadə deyib ki, Emin Mahmudov nə qədər millimizdə buna qədər əsas fiqur sayılsa da, çıxış etdiyi və kapitanı olduğu “Neftçi”də əsas heyətdən uzaq düşməsi onun milli yoluna da təsirsiz ötüşmür.

Onun fikrincə, Azərbaycan-İsveç oyununda yaşananlar da burada öz təsirini göstərib:

“Roman Qriqorçukun qara siyahısına düşən Mahmudova İsveçlə matçda Fernandu Santuş şans versə də, Ramil Şeydayevlə penalti qalmaqalı onun ikinci oyunda meydana həsrət qalmasına gətirib çıxardı deyə bilərik. Hərçənd, bunlar fərdi yanaşmalardır. İstənilən halda, hazırkı Emin Mahmudov ideal formasından çox uzaq və oyun praktikası sarıdan əziyyət çəkir. Ümid edirəm ki, ən qısa zamanda o, əvvəlki formasına qayıdıb millimiz üçün də ən önəmli fiqurlardan birinə çevriləcək. Yeri gəlmişkən, Emin Mahmudov milli komandamızın tarixində Qurban Qurbanov ilə birlikdə an çox qol vuran futbolçudur”.

Zaira Akifqızı

Globalinfo.az