Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində azərbaycançılıq məfkurəsindən danışıb. O qeyd edib ki, azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasını müstəqil dövlətçiliyimizin əsas ideoloji dayaqlarından biri kimi vurğulaması təsadüfi deyiI:
“Bu, xalqın tarixi təcrübəsindən doğan, bu gün də aktuallığını itirməyən bir həqiqətin təsdiqidir. Azərbaycançılıq bizim üçün yalnız şüar deyil. Bu, dilimizə, tariximizə, mədəniyyətimizə və torpağımıza bağlılıqdır. Eyni zamanda, bu ideya bizi etnik mənşəyindən asılı olmayaraq, bir bayraq altında birləşdirən ortaq vətəndaşlıq anlayışıdır. Azərbaycanın güclü tərəfi məhz bu birlikdədir.
Tarix göstərir ki, ideya birliyi olmayan dövlət çətin günlərdə sınağa çəkilir. Müstəqilliyin ilk illərində yaşadığımız çaxnaşmalar, itirilmiş torpaqlar, parçalanmış cəmiyyət bunun acı dərsi idi. Ümummilli lider Heydər Əliyevin azərbaycançılığı dövlət siyasətinin əsasına qoyması isə ölkəni sabitliyə, xalqı birliyə qaytardı. Bu yol Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirildi və Qarabağ Zəfəri ilə ən yüksək nəticəsini verdi. Ölkə ərazi bütövlüyünü bərpa etdi, xalq isə öz gücünə inandı”.
Naqif Həmzəyev
Deputat bildirib ki, indi yeni mərhələ başlayıb:
“Dünya sürətlə dəyişir. İnformasiya məkanı sərhədsizdir, mədəni təsirlər hər gün telefon ekranlarımıza daxil olur. Belə şəraitdə milli kimliyi qorumaq yalnız qadağalarla yox, cazibədar və müasir məzmunla mümkündür. Gənc nəsil öz dilində maraqlı kino, musiqi, kitab və rəqəmsal məhsullar görməlidir. Məktəblərdə tarix quru faktlar yığını kimi yox, yaşanmış hekayə kimi öyrədilməlidir.
Dövlətin gücü iqtisadiyyatda, ordu quruculuğunda, diplomatiyada görünür. Amma bütün bunların kökündə xalqın öz dövlətinə inamı durur. Bu inamı isə ortaq dəyərlər yaşadır. Azərbaycançılıq məhz belə dəyərdir.
Azərbaycanı sevən hər kəsin vəzifəsi dövlətçiliyimizi qorumaq, milli birliyi möhkəmləndirmək və azərbaycançılığı gələcək nəsillərə müasir dillə çatdırmaq olmalıdır”.
Safura Bənnayeva
Globalinfo.az