44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəmanlarımızdan biri də Emin Əliyevdir. III dərəcəli əlillik təyin edilən qazimiz döyüşlərdə göstərdiyi igidliyə görə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Globalinfo.az Vətən müharibəsi qazisi Emin Əliyevlə müsahibəni təqdim edir:
– Zəfər Günü sizin üçün nə ifadə edir?
– Bu, çox qürurverici, ömür boyu yaddaşımda qalacaq bir hissdir. Fəxr edirəm ki, canım bahasına olsa da bu qələbədə mənim də əməyim olub.
– 44 günlük Vətən müharibəsində iştirak etdiyiniz günləri xatırlayanda ilk olaraq hansı hadisə gözünüzün önünə gəlir?
– Çox ağrılı bir hadisə yaşamışdım. Hələ də müharibə, qələbə deyəndə ağlıma ən birinci o an gəlir. Yoldaşlarım arasında ilk şəhidi, Emin Məmmədovu döyüş bölgəsindən arxa təminat istiqamətinə mən daşımışdım. Bu, mənə hədsiz ağır təsir edib. Allah ona rəhmət eləsin.
– Müharibə dövründə ən çətin anınız hansı olub?
– Ən çətin anımız Füzuli və Cəbrayıl rayonları arasındakı ərazidə mühasirəyə düşməyimiz idi. Həmin vaxt çoxsaylı yaralı və şəhid verdik. Səkkiz saat minaatan və snayper atəşi altında qaldıq. O gün yaddaşımda ən ağır iz buraxan hadisə isə döyüş yoldaşımın gözlərimin önündə, düz yanımda ağız nahiyəsindən güllə yarası alaraq şəhid olmasıdır.
– Siz hansı istiqamətdə yaralandınız?
– Vətən müharibəsində ön cəbhədə döyüşürdüm. 44 günlük müharibənin başa çatmasından sonra da xidmətimi davam etdirirdim. 27 dekabr 2020-ci il tarixində Xocavənd rayonunun Ağdam kəndi istiqamətində, Hadrut yaxınlığındakı ərazidə gizlənmiş qanunsuz erməni silahlı qruplaşmalarının qəfil və xain hücumunun qarşısını alarkən yaralandım. Həmin döyüşdə silahdaşım əsgər Elmir Qənbərov şəhid oldu. Bundan sonra bizə hücum edən 6 nəfərlik erməni terror dəstəsi Azərbaycan Ordusu tərəfindən tamamilə məhv edildi. Bunun görüntüləri də həmin vaxt yayılmışdı.
– Qələbə xəbərini eşidəndə harada idiniz? Həmin anı necə xatırlayırsınız?
– Bizim döyüş zolağımız Qubadlı istiqamətində olduğuna görə təəssüf ki, Şuşanın azad edilməsində iştirak edə bilmədik. Lakin Zəfər günü Qubadlıda, sərhəd istiqamətində idim. Noyabrın 8-də bu xəbəri günorta saatlarında yanımızdan keçən hərbi maşınlardan öyrəndik. Çox sevindik. Bu, son dərəcə qürurverici an idi.
– Döyüş yoldaşlarınızla yaşadığınız, bu gün də unutmadığınız hansı xatirə var?
– Bu sualı eşidəndə ən birinci yadıma düşən xatirə düşmənin ilk postunu ələ keçirdikdən sonra orada Azərbaycan bayrağının dalğalandığını gördüyüm an oldu. Həmin vaxt insanın tükləri ürpənir, sevincdən gözləri dolur.
Azad edilmiş torpaqlara bir dəfə getmişəm. Bu, çox gözəl hiss idi. Çünki həmin torpaqların azad olunmasında mənim də, döyüş yoldaşlarımın da zəhməti və payı var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Azərbaycan xalqı sağ olsun ki, bu günləri unutmurlar.
Ləman İmran
Globalinfo.az