susa

“Şuşa Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. O, tariximizin, mədəniyyətimizin və milli kimliyimizin simvollarından biridir”.

Bunu Globalinfo.az-a açıqlamasında deputat Aydın Mirzəzadə Şuşanın azad edilməsi və 8 Noyabr – Zəfər Günü münasibətilə danışarkən deyib.

O bildirib ki, Ermənistanın uzun illər torpaqlarımızı işğal altında saxlaması Azərbaycan üçün qəbuledilməz idi:

“Həmin torpaqların hər qarışı bizim üçün müqəddəsdir və onların azadlığı uğrunda Azərbaycan böyük mübarizə aparıb. Şuşanın azad edilməsi isə Azərbaycanın gücünü, torpaqlarına sahib çıxmaq əzmini və xalqımızın qüdrətini nümayiş etdirdi. Təsadüfi deyil ki, Şuşa azad edildikdən cəmi bir gün sonra Ermənistan kapitulyasiya aktını imzaladı”.

aydin mirzezade 11 900x675 1

Aydın Mirzəzadə

Deputat qeyd edib ki, bu gün işğaldan azad edilmiş bütün ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır:

“Şuşanın yenidən qurulması isə xüsusi əhəmiyyət daşıyır. Çünki burada tariximizin, memarlıq mədəniyyətimizin və birgəyaşayış ənənələrimizin dərin izləri var. Bu irs qorunaraq müasir tələblərə uyğun şəkildə bərpa edilir.

Hər bir azərbaycanlı Şuşanın azad edilməsini böyük Zəfərin mühüm tərkib hissəsi kimi qeyd edir. Şuşa bizə güc və qüdrət verdi, bu gün də Azərbaycanın inkişafında rol oynayan əsas faktorlardandır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: