“Bizim birliyimiz və qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər heç vaxt öz arzularına çatmayacaqlar. Onların arzuları gözlərində qalacaq”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada mətbuata bəyanatında deyib.
“Biz bu sərvəti qoruyuruq. Hər iki xalq, ilk növbədə isə iki ölkənin liderləri buna böyük önəm verirlər. Heç kimə imkan vermərik ki, aramıza girsin, yaxud şəxsi maraqları naminə birliyimizə, qardaşlığımıza və həmrəyliyimizə kölgə salsın.
Bu gün Türkiyə dövləti əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilmişdir. Türkiyə artıq təkcə regionda baş verən proseslərdə deyil, dünya əhəmiyyətli məsələlərdə də söz sahibidir.
Türkiyənin güclü iqtisadiyyatı, sənaye potensialı və siyasi çəkisi bu gün bir reallıqdır. Bu, bizi çox sevindirir və eyni zamanda bizi də gücləndirir”, – Prezident bildirib.