qazaxistan 900x506 1

 

Qazaxıstanın Manqistau vilayətində yaşayan Azərbaycan diasporunun nümayəndələri Prezident İlham Əliyevi 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda Manqistau vilayəti “Dostluq” Azərbaycan Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov Prezident İlham Əliyevə müraciət edərək bildirib:

“Möhtərəm cənab Prezident,

Müzəffər Ali Baş Komandan! Sizi – müasir tariximizin ən parlaq səhifələrini yazan, xalqımızın otuz illik yurd həsrətinə son qoyaraq milli qürurumuzu dirçəldən qüdrətli Liderimizi, Qazaxıstanın Manqistau vilayətində yaşayan çoxminli Azərbaycan diasporu adından və şəxsən öz adımdan 8 Noyabr – Zəfər Günü münasibətilə sonsuz fərəh, dərin ehtiram və ən səmimi qəlbdən təbrik edirəm.

Sizin polad iradəniz, müdrik dövlətçilik strategiyanız və Ali Baş Komandanlığınız altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər təkcə ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsi deyil, bütövlükdə Türk dünyasının və dünya azərbaycanlılarının başucalığı, yenilməzlik rəmzidir. Qarabağın tacı, mədəniyyət beşiyimiz olan müqəddəs Şuşa şəhərinin azad edildiyi 8 noyabr tarixi dünya hərb elmində bənzəri olmayan rəşadət kimi əbədiləşmiş, xalqımızın milli iradəsini bütün bəşəriyyətə nümayiş etdirmişdir.

Bu gün Vətəndən kənarda yaşayan biz soydaşlarınızın fəxarət hissi hədsiz dərəcədə böyükdür. Müqəddəs torpaqlarımızda həyata keçirilən genişmiqyaslı “Böyük Qayıdış” layihələri, azad Qarabağ və Şərqi Zəngəzurda ucaldılan müasir şəhərlər, beynəlxalq hava limanları və yaşıl enerji arteriyaları Sizin tükənməz quruculuq enerjinizin, dövlətimizin qüdrətinin əyani sübutudur. Azərbaycan bu gün qlobal miqyasda söz sahibi olan, beynəlxalq hüququ və ədaləti öz gücü ilə təmin edən, sülh və əməkdaşlıq mərkəzinə çevrilən qürurlu bir dövlətdir.

Xəzərin o tayında – qardaş Qazaxıstan torpağında fəaliyyət göstərən Manqistau vilayəti “Dostluq” Azərbaycan Etnomədəni Birliyi olaraq Sizin apardığınız uzaqgörən milli siyasəti ürəkdən dəstəkləyirik. Qazaxıstan və Azərbaycan arasında qurulan strateji müttəfiqlik, ortaq soykökümüzə söykənən sarsılmaz qardaşlıq və regional inteqrasiya idealları bizim üçün ən yüksək fəaliyyət mayakıdır. Biz diaspor fəalları olaraq hər zaman doğma Vətənimizin haqq səsini ucaltmaq, zəngin mədəniyyətimizi və tarixi Zəfərimizin həqiqətlərini beynəlxalq mühitdə təbliğ etmək yolunda Sizin əsgəriniz olmaqdan böyük şərəf duyuruq.

Bu müqəddəs bayram günündə Vətənimizin bütövlüyü naminə canlarını fəda etmiş əziz şəhidlərimizin müqəddəs xatirəsini dərin hüzn və ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.

Möhtərəm cənab Prezident, Zati-aliləri! Zəfərimizin memarı olaraq Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, tükənməz güc-qüvvət, müstəqil və qalib Azərbaycanımızın daha da çiçəklənməsi, qüdrətlənməsi və nurlu gələcəyi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni parlaq zəfərlər arzu edirik.

Zəfərimiz əbədi, birliyimiz sarsılmaz olsun!”

WhatsApp Image 2026 11 07 at 21.15.31 1

Paylaş: