Ermənistan “31 kənd”dən əl çəkmir – Masada hərbi həll planı var?

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı mərhələsində erməni işğalı altında olan 8 kəndimizin geri qaytarılması ilə bağlı müzakirələr intensivləşib. Bu günə qədər də məsələ aktuallığını itirməyib”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, delimitasiya üzrə komissiyaya rəhbərlik edən baş nazirin müavini Şahin Mustafayevin adından yayılan rəsmi məlumatda da 4 kənd tələbi təsdiq edilir:

“Azərbaycan dövlətinin rəsmi mövqeyi ondan ibarətdir ki, iki ölkə arasında sərhədlərin delimitasiya prosesi çərçivəsində bu kəndlər geri qaytarılmalıdır. Azərbaycanın bu haqlı mövqeyinə beynəlxalq səviyyədə də dəstək verilir.

Bu kəndlərin yeddisi Qazax rayonuna daxildir. Həmin kəndlər Yuxarı Əskipara, Aşağı Əskipara, Bərxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndləridir. Həmin kəndlərdən Yuxarı Əskipara, Bərxudarlı və Sofulu Ermənistan ərazisində anklavdır. İşğal altında qalan Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna daxildir. Bu kənd də Ermənistanın ərazisi ilə əhatə olunan anklavdır.

Xüsusən anklav olmayan 4 kəndlə bağlı məsələ erməni mediasının da diqqətindədir. Ümumi rəyə nəzər yetirdikdə həmin kəndlərin qaytarılması ilə bağlı razılıq ab-havası müşahidə edilir.

Anklav olan Sofulu, Yuxarı Əskipara və Bərxudarlı, Sədərək rayonunun Kərki kəndinin qaytarılması 2-ci mərhələdə müzakirə edilə bilər.

Bu kəndlərin qaytarılması Azərbaycanın dünyada tanınmış ərazi bütövlüyü prinsipi çərçivəsində həyata keçirilir. Ermənistanın bu istiqamətdə də yürütdüyü destruktiv siyasəti ərazi bütövlüyü və suverenlik prinsiplərini ehtiva edən və pozulmasını qadağan edən hüquqi sənədlərə, beynəlxalq hüquqi aktlara ziddir. Odur ki, İrəvan pozulan hüquqların bərpasını xoşluqla təmin etməlidir. Əks halda digər pozulan hüquqlarımızın təminatında olduğu kimi, bu məsələdə də prinsipiallığı ortaya qoyaraq öz imkanlarımız çərçivəsində problemi həll edəcəyik.

Bakının tələbi qarşısında İrəvanın “31 erməni kəndinin qaytarılması” iddiasından əl çəkməməsi ikinci həll variantının reallaşacağı ehtimalını artırır – özü də yaxın perspektivdə”.

Turan Rzayev
Globalinfo.az