Nərminin qatili çox güclü fiqurdur – Tural Abbaslıdan rezonans doğuracaq sözlər

AĞ Partiyanın başqanı Tural Abbaslı Globalinfo.az-a müsahibəsində son günlər gündəmdə olan məsələlərdən, xüsusən taksi qiymətlərinin bahalaşması ilə bağlı təkliflərdən danışıb.

Sözügedən müsahibəni təqdim edirik:

– Tural bəy, dünyada belə bir praktika varmı ki, kasıbların taksidən istifadə edə bilməməsi üçün nazir qiyməti artırsın?

– Dünyanın heç bir yerində mümkün deyil ki, təklif və tələb bir-birini ödədiyi halda müdaxilə edilsin. Necə deyərlər, taksi şirkəti razı, sürücü razı, müştəri razı. Sən necə araya girib deyə bilərsən ki, taksinin qiyməti artırılsın?! Bütün bunlar süni müdaxilə cəhdləridir.

– Nazir taksilərin kasıblar üçün əlçatan olduğunu düşünür. Bəs həmin o kasıbı kim fikirləşməlidir?

– Heç kim! Kasıb gedib özü özünü düşünsün. Özündən başqa kim fikirləşəcək ki onu?!

– Gündəmdə olan məsələlərdən biri də Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilərək 18 il həbs cəzasına məhkum edilən İlkin Süleymanovdur… İnsanlar İlkinin qatil olduğuna inanmır.

– Nərmin məsələsi ilk gündən şübhəli idi. Çünki əvvəldən istintaq orqanlarının bəyanatı var idi ki, guya İlkin uşağa təzavüz edib və sonra qətlə yetirib. Amma tibbi arayışdan sonra məlum oldu ki, bu adam o iqtidarda deyil. Yəni bu şəxs təcavüz edə bilməz!

– İlkinin günahsız olmadığına niyə inanırsınız?

– Çünki işin əvvəldən saxta olması və sonradan Nərminin ailəsinin ortaya qoyduğu biabırçı faktlar sübut etdi ki, burada İlkinin günahı yoxdur.

– Nərminin qatili kim ola bilər?

– Görünən odur ki, həm məhkəmə orqanları, həm prokurorluq, həm də istintaq orqanları bu işin tez bir zamanda bağlanıb unudulmasının tərəfdarıdır və mümkündür ki, Nərminin əsl qatili daha güclü fiqurdur. Onlara qurban lazım idi, təəssüf ki, o da sadə, ziyalı ailədən çıxmış bir insan oldu.

– Niyə məhz İlkin qurban seçildi?

– Burada İlkinin qurban seçilməsi ilə bağlı iki versiya var:

Birincisi, bütün istintaq orqanları, məhkəmə bu saxtakarlığa yaxından və uzaqdan bulaşmış sayılırlar. Çünki bu saxtakarlıqda istintaq və məhkəmənin də iştirakı var. Onlar bundan sonra bəraət versə, özləri şübhə altına düşəcək.

İkincisi isə əsl cinayətkarın kim olmasıdır. Görünür, əsl cinayətkar daha güclü fiqur və ya fiqurlardır ki, onlar öz əvəzlərinə rahatlıqla qurban seçə biliblər.

Zaira Akifqızı
Globalinfo.az