İrəvan Qarabağ ermənilərini aldatdı

“Xarici ölkələrdən Qarabağ ermənilərinin rifanı üçün milyonlarla dollar dəyərində yardım ayrılsa da, bu vəsaitin cüzi hissəsi belə onlara xərclənməyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, hələ antiterror əməliyyatlarından öncə Ermənistan hökuməti hər il Qarabağa dövlət büdcəsindən müəyyən qədər yardım ayırırdı:

“Qarabağ ermənilərinin köçündən sonra isə bir çox ölkələrdən yüksək miqdarda yardımlar ayrıldı. Məsələn, Yaponiya 2 milyon, ABŞ 11 milyon, Kanada 2,5 milyon dollar, Avropa Komissiyası 10,4 milyon, Latviya 350 min avro dəstək göndərmişdi. Həmçinin başqa bir sıra ölkələrdən də pul yardımı edildi. Fevral və mart aylarında İrəvana yeni transferlər həyata keçirildi. Lakin bu maliyyə axınının nəticəsi görünmür. Qarabağdan köçən 16 min erməni hökumətin biganəliyi, onlara kömək etməməsi səbəbi ilə Ermənistanı birdəfəlik tərk ediblər. Qalanlara isə çox cüzi yardım ayrılır, ciddi şəkildə dəstək göstərilmir”.

Ayşən Mustafa
Globalinfo.az