“Əlaqələndirici”nin oyunu: Ermənistan silahlanır – Cənubi Qafqazda hərbi gərginlik…

Sentyabr ayının 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Seula səfər edərək bir sıra görüşlər keçirməsindən iki gün sonra müdafiə naziri Suren Papikyanın Cənubi Koreyaya işgüzar səfərə getməsi birmənalı qarşılanmayıb. Məlumata görə, Papikyanın Cənubi Koreyaya səfərinin əsl məqsədi bu ölkənin silahlarının Ermənistana tədarükü ilə bağlıdır.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əli Zülfüqaroğlu deyib ki, son zamanlar Ermənistanın sürətlə silahlanması, xüsusilə hücum silahları alması diqqət çəkir:

Əli Zülfüqaroğlu

“Bu, təbii ki, Azərbaycanı narahat etməyə bilməz. Çünki Azərbaycan Ermənistanın silahlanmasına sülh danışıqları fonunda yanaşma sərgiləyir. Əlbəttə, bu, təhlükəli prosesdir və Ermənistan özünü silah-sursat baxımından güclü hesab edərsə, revanşizm yenidən körüklənə bilər. Azərbaycan bunu yaxşı bildiyi üçün Ermənistanın silahlandırılmasının bölgəyə yalnız gərginlik gətirəcəyi qənaətindədir və həqiqətən də real mənzərə bundan ibarətdir.

Ermənistanın Cənubi Koreya və Yaponiyaya üz tutması da təsadüfi deyil. Bəllidir ki, bununla bağlı Ermənistana dəstək verən, əlaqələndirici rolunda prosesdə iştirak edən dövlətlər var.
Yaponiya və Cənubi Koreya ABŞ-ın forpostu sayılır. Ona görə də hər iki dövlətə üz tutması üçün İrəvana ABŞ hökumətinin dəstək verməsi ehtimalı yüksəkdir”.

Safura Bənnayeva
Globalinfo.az