Ermənistan odla oynayır – “Ordumuz Qazaxdan Naxçıvana qədər bufer zona…”

Ermənistan silahlı qüvvələrinin son günlər Naxçıvan, Kəlbəcər və digər istiqamətlərdə təxribatlar törətməsi artıq intensiv hal alıb.

Bu təxribatlar hərbi toqquşmaya səbəb ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Emin Həsənli deyib ki, regionda marağı olan böyük dövlətlər sülh istəmirlər:

“Həmin güclər Cənubi Qafqazda sülhün, əmin-amanlığın olmasını istəsəydilər, Ermənistan çoxdan həm konstitusiyasını dəyişərdi, həm də vaxtilə Azərbaycanda cinayət törətmiş Seyran Ohanyan, Serj Sərkisyan, Robet Köçəryanı ölkəmizə təhvil verər, təzminat ödəyərdilər. Bununla da normal münasibət yaranardı. Onlar bu münaqişəni uzadaraq Ermənistana hər cür dəstək verirdilər. İndi də Fransa, ABŞ-ın rəsmi İrəvana dəstək verdiyini görürük.

Emin Həsənli

Rusiya-Ukrayna müharibəsi gedir. Rəsmi Kiyevin arxasında Qərb var. Münaqişədə ayrı-ayrı mövqedə olduqlarına baxmayaraq Ermənistan məsələsində eyni tərəfdə dayandıqlarının şahidi oluruq”.

Hərbi ekspertin fikrincə, Azərbaycanla sərhəddə təxribatların, atəşkəs pozuntularının baş verməsi böyük güclərin regionla bağlı çirkin planlarından xəbər verir:

“Bu günə qədər işğalçı dövlətə verilən dəstəklər hesabında nə əldə etdi? Qarabağı özünə birləşdirmək, qondarma respublika yaratmaq arzusu puç oldu. Xeyli sayda canlı qüvvə, hərbi texnika itirdi. Azərbaycan isə haqq mübarizəsində qalib gələrək öz torpaqlarını işğaldan azad edib, suverenliyini bərpa etdi. Bir sözlə, Ermənistan bu siyasətinə davam edərsə, Türkiyənin Suriya ərazisində bufer zona yaratdığı kimi, Azərbaycan da tarixi torpaqlarında (Qazaxdan Naxçıvana qədər) bufer zona yaradacaq. Bununla da atəşkəs pozuntuları dayanacaq. Ermənistan odla oynayır. Dayanmadığı halda bunun ağır nəticələri ilə üzləşə bilərlər”.

Safura Bənnayeva
Globalinfo.az