Ermənistan MDB-dən çıxır: Rusiya növbəti şoku necə adladacaq?

Ermənistanın KTMT-də fəaliyyətini dondurmasının ardınca indi də bu ölkənin MDB-dən ayrılması gündəmdədir. Bəzi ekspertlər bu qərarın Ermənistan üçün fəlakət ilə nəticələnəcəyinə inanır.

Maraqlıdır, bu baş verərsə, Rusiyanın mövqeyi necə olacaq? Ermənistanın MDB-ni tərk etməsi Azərbaycan üçün yeni dividentlər deməkdir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Aytən Qurbanova deyib ki, Ermənistanın regiondan uzaqlaşmaq meylləri heç bir halda onun üçün müsbət nəticələrə dair gözləntiləri özündə ehtiva etmir:

“Yeni dünya nizamında bütün aktorlar qlobal inteqrasiyadan daha çox regional birliklərə fokuslanaraq möhkəmlənməyə üstünlük verirlər. Çünki hər bir dövlət üçün yerləşdiyi coğrafiyada güclü mövqeyə sahib olmaq qlobal platformadakı təsir imkanlarının zəmanəti ola bilər. Xüsusilə də Ermənistan kimi kiçik və heç bir geostrateji əhəmiyyətə malik olmayan bir dövlətin regiondan uzaqlaşmaq meylləri təcridolunma ilə paralel olaraq kifayət qədər fəlakətli ssenarilərinin də xəbərçisi ola bilər.

Belə ki, birtərəfli qaydada Qərbə inteqrasiya şəraitində formalaşmış “ağa-vassal” fonunda proses ümumilikdə region üçün də böyük təhdidlər formalaşdırır. Nəticə etibarilə Ermənistan üzərindən mümkün Qərb-Rusiya qarşıdurması şəraitində Cənubi Qafqazın təhlükəsizlik konyukturasında əsaslı dəyişiklər ehtimal olunmasa da, region dövlətlərinin hər biri üçün preventiv tədbirlərin görülməsi qaçılmaz ola bilər ki, bu da yeni “qarşıdurma ocağının” yaranması ilə nəticələnə bilər.

Belə olan halda KTMT-dən, MDB-dən və ya Avrasiya İqtisadi Birliyindən üz döndərmiş Ermənistanın taleyi bu gün arxalandığı ağalarının söz sahibi olduğu hərbi, siyasi və ya iqtisadi blokları hansı ölçüdə narahat edə bilər?! Deməli, böyük dənizlərdə “üzmək” üçün hal-hazırda göyərtəsində olduğu gəmiləri tərk etmədən öncə Ermənistan yeni gəmilərə qəbul ediləcəyinə əmin olmalıdır. Qərb həqiqətən də Ermənistanı bu “gəmilərə” qəbul etmək niyyətindədirmi, yoxsa bu sadəcə növbəti Ukrayna ssenarisidir?! Düşünürəm ki, Ermənistan ancaq bu suala reallığa uyğun şəkildə cavab vermək cəsarətinə sahib olduğu zaman qətiyyətli addım ataraq mövqeyini seçə bilər.

Bugünkü Qərbyönümlü çıxışlar isə sadəcə gündəmi məşğul edərək arxa pərdədəki Ermənistan-Rusiya münasibətlərindən diqqəti yayındırmaq üçün
hesablanmış addımlardır”.

Turan Rzayev
Globalinfo.az