Azərbaycan 1991-cil sərhədlərindən əlavə bu əraziləri də qaytara bilər

Son zamanlar ölkəmizin istər siyasi, istər diplomatik, istərsə də hərbi sahədə ardıcıl qələbələrinin şahidi oluruq. Bu qələbələr istər-istəməz ölkəmizin strateji hədəfinin nə olduğu suallarını aktuallaşdırır. Maraqlıdır, Azərbaycan 1991-ci il sərhədləri çərçivəsindən çıxaraq özünün tarixi ərazilərindən hansıları qaytara bilər? Bu, mümkün ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan indiki məqamda beynəlxalq hüquqla tanınan ərazilərinin hər bir qarışı uğrunda mübarizə aparır:

“1991-ci il sərhədləri hazırda prioritetimizdir. Əslində qeyd olunan tarixdəki sərhədləri tanımamız ciddi siyasi səhv idi.

Qabil Hüseynli

Dövrün hakimiyyəti bir məqamı unutmuşdu ki, Cənubi Qafqazın beynəlxalq hüquqla qəbul edilən 1918-ci il sərhədləri var. Hansı ki, həmin sərhədləri Fransa, ABŞ, Böyük Britaniya Krallığı Paris Sülh Konfransı ilə qəbul edib. Onu da qeyd edim ki, həmin vaxt Zəngəzur və Göyçə Azərbaycan ərazisi kimi öz əksini tapmışdı.

Lakin biz indiki məqamda belə ərazi iddiaları irəli sürə bilmərik. Prioritet olaraq 1991-ci il sərhədləri əsas götürülməlidir. Eyni qaydada Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi də bizə qaytarılmalıdır”.

Politoloq bildirib ki, Azərbaycan yalnız Ermənistandan təzminat tələb edəcəyi halda əlavə ərazi iddiaları irəli sürə bilər:

“Məsələ ondadır ki, Ermənistan 27 illik işğal prosesinə görə Azərbaycana təzminat ödəməlidir. Sülh danışıqlarının bir hissəsi də məhz bu təzminatın ödənilməsidir. Lakin reallıq ondan ibarətdir ki, Ermənistan bu təzminatı ödəyəcək iqtisadi gücə malik deyil. Rəsmi Bakı bu halda təzminatın müqabilində Ermənistandan torpaq tələb edə bilər. Dünya təcrübəsində belə örnəklər var”.

Turan Rzayev
Globalinfo.az