WhatsApp Image 2023 08 12 at 13.51.45

Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında Yevlaxda keçirilməsi razılaşdırılan görüş baş tutmadı. Belə ki, erməni nümayəndələr son anda görüş ilə bağlı razılaşmanı pozub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiyanın “Kommersant” qəzetində dərc edilmiş məqalədə əksini tapmış fikirlərə münasibət bildirərkən deyib:

“Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub”.

Bakı və Xankəndi arasındakı narazılıq

Prinsip etibarilə Yevlaxda görüşün baş tutmaması və ermənilərin görüşdən imtina etməsi gözlənilirdi. Ermənilər əslində Bakı ilə görüşün keçirilməsinin əleyhinə deyil. Rəsmi Bakı da sülh və dialoq yolu ilə prosesin həllində maraqlıdır və bu istiqamətdə görüşün keçirilməsini istəyir.

Tərəflərin başlıca fikir ayrılığı görüşün keçirilmə məkanıdır. Əslində bu kiçik bir detal kimi görünsə də problemin əsasını və tərəflərin əsl mahiyyətini üzə çıxarır.

Qeyd etdiyim kimi ermənilər Bakı ilə bir görüşün keçirilməsini istəyir, lakin görüşün ikinci bir ölkədə baş tutmasını istəyirlər. Misal üçün, separatçı-terrorçuların başçısı Araik Arutyunyan bir müddət öncə “Bakı ilə dialoq” məsələsindən danışarkən demişdi ki, “üçüncü ölkədə” belə bir “dialoq” keçirməklə bağlı təklif verilib, onlar da qəbul ediblər. Arayik bunu qəbul etdiyini, çünki “beynəlxalq formata” yaxın olduğunda bildirmişdi.

Əslində Arayikin bu açıqlaması özlüyündə separatçıların məsələyə baxışının heç də sülh konteksli deyil, açıq-aşkar separatçılıq mahiyyəti daşıdığını göstərir.
Birincisi, Arayik görüşlə bağlı danışarkən “üçüncü ölkədə” ifadəsini işlədir. Yəni Arayik burada Azərbaycan kimi “Arsaxı” da dövlət kimi qeyd edir, buna görə də görüşün üçüncü bir ölkədə keçrilməsini dəstəkləyir.

İkincisi, Arayik görüşün üçüncü ölkədə keçirilməsinin beynəlxalq formata uyğun olduğunu bildirib. Bu da öz növbəsində Azərbaycanın daxili məsələsi olaraq gördüyü problemin beynəlxalq status qazanması cəhdidir.

Arayikin qeyd etdiyi bu iki ifadə belə özlüyündə separatçıların niyyətinin reinteqrasiya deyil, açıq şəkildə separatçılıq və müstəqil dövlət yaratmaq olduğunu göstərir.

Azərbaycan tərəfi isə prinsip etibarilə problemin dialoq və dinc yolla həllində maraqlıdır. Bunu istər Xocalıda keçirilən görüşə qatılması, istərsə də sonrakı görüşlərin Bakı, Gəncə, Yevlax və ya başqa bir şəhərdə baş tutması təklifini etməsi də göstərir.

Ümumiyyətlə görüşün harada baş tutmasının Azərbaycan üçün elə bir fərqi yoxdur. Bu mövzuda Azərbaycan tərəfi üçün yeganə vacib məqam görüşün ölkə daxilində olması və vasitəçilər olmadan keçirilməsidir.

Görüşün ikinci bir ölkədə keçirilməsi Bakı üçün müzakirə mövzusu deyil. Bu bizim daxili məsələmizdir və görüş də Azərbaycan şəhərlərindən birində baş tutmalıdır.

Gərginlik artır

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiyanın “Kommersant” qəzetində dərc edilmiş məqalədə əksini tapmış fikirlərə münasibət bildirərkən deyib ki, “Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadıqlarını bir daha nümayiş etdirib”.

“Bununla yanaşı, qeyd edilən addımlar humanitar əsasda iddiaların əsassız olduğunu bir daha sübut edərək, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir”, – o deyib.

A.Hacızadənin açıqlaması rəsmi Bakının səbrinin daşdığını və adekvat addımlar ata biləcəyini göstərir. Misal üçün, avqustun 11-i saat 21:10-dan 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bundan başqa, avqustun 12-si saat 07:43-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

Bakı sülh və dialoq naminə bütün addımları atır və atmağa davam edəcək, lakin separatçıların prosesdən yayınması təklifləri qəbul etməməsi problemin hərbi konteksdə həllini zəruri edir.

Bakının cavabı

Ermənilərin Yevlax görüşündən imtina etməsi Bakının ehtimal cavab addımlarını aktuallaşdırır. Aydın məsələdir ki, rəsmi Bakı buna səssiz qalmayacaq.

Birincisi, Azərbaycan Laçın nəzarət-buraxılış məntəqəsində hərəkəti tam məhdudlaşdıra bilər. Bilinənin əksinə, mülki ermənilər yoldan istifadə edə bilir. Rəsmi Bakı sadəcə Ermənistana göndərilən humanitar yüklərin keçməsinə icazə vermir. Mülki ermənilərin yoldan istifadə edib Ermənistana gediş-gəlişinin kəsilməsi onları separatçı rejimə qarşı ayağa qaldıra bilər.

İkincisi, Bakı sülh naminə separatçıların bütün təminatını kəsməlidir. İşıq, su, qaz, habelə hava yolu ilə Xankəndiyə edilən yardımlar qarşısını almalıdır. Çıxılmaz vəziyyətə qalan separatçılar Bakının dialoq çağırışına məcbur razı olacaq.

Üçüncüsü, Azərbaycan separatçıların gözünü qorxutmaq üçün hərbi aktivliyi artırmalıdır. “Qisas 1” və “Qisas 2”, habelə “Fərrux” əməliyyatları bənzəri antiterror əməliyyatları keçirməklə buna nail olmaq olar.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: