“Putin-Ərdoğan görüşündə bir çox məsələlər masada olacaq. Görüşdə Ukrayna və taxıl sazişi ilə yanaşı, Cənubi Qafqaz da müzakirə ediləcək”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Oqtay Qasımov Teleqraf.com-a müsahibəsində deyib.
O bildirib ki, Ermənistanla bağlı məsələlər Türkiyə və Azərbaycan arasında əlaqələndirilir, koordinasiya olunur:
“Bir müddət əvvəl Türkiyəyə gedən xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla görüşdü, Prezident Ərdoğan tərəfindən qəbul edildi. Orada Zəngəzur və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı konkret mesajlar verildi. Xüsusilə Laçın yolu ilə bağlı Türkiyənin birmənalı mövqeyi ortadadır. Hakan Fidan bəyan etdi ki, bura Azərbaycan ərazisidir, Azərbaycan istədiyi qərarı verə bilər. Belə bir qəti mövqe var.
Hesab edirəm ki, Ərdoğan-Putin görüşündə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi ciddi şəkildə müzakirə olunacaq. Türkiyə Rusiyadan bu prosesdə konstruktiv mövqe tutmasını istəyəcək. Türkiyə Ağdamdakı monitorinq mərkəzində təmsil olunur. Hesab edirəm ki, artıq Türkiyənin rolu ciddi şəkildə artırılmalıdır. Qarabağda təkcə Rusiya sülhməramlılarının fəaliyyəti məqbul deyil. Rus sülhməramlılarının fəaliyyətləri təhlükəsizliyə təhdid yaratmağa başlayıb. Ola bilsin, bu görüş ciddi irəliləyişə gətirib çıxarmasın, amma mövqelərin dəqiqləşdirilməsi, xüsusən də Türkiyənin bölgədəki rolunun gücləndirilməsi baxımından önəmli olacaq”.