CHP seçkini uddu: Bakıya tanış iki parlaq sima önə çıxa bilər

Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkiləri siyasi zəlzələ effekti yaradıb. Ana müxalifət partiyası CHP böyük üstünlüklə – 37,72% səslə seçkinin qalibi oldu. CHP-nin bələdiyyə seçkilərində qələbə qazanması bir sıra suallar yaradır.

Nəticələr Türkiyənin yaxın gələcəkdə siyasi, iqtisadi və geopolitik yönünü müəyyən edirmi? CHP-nin növbəti mərhələdə iqtidarı götürməsi mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, tarixinin ən böyük uğuruna (1977-ci ildən sonra) çatan CHP, AKP-nin iqtisadi səhvlərinə, inflyasiyaya, informasiya yarıtmazlığına qalib gəldi:

“Çünki CHP adına seçkidəki texnoloji uğur, parlaq seçki təbliğatı, şüarlar demək olar ki, yox idi.

Əziz Əlibəyli

İkincisi, İmamoğlu üzərində fokuslanmaq, İstanbulu ondan almaq, adamın birbaşa CHP-nin başqanı olmasına gedən yolu indilik açmaq olacaqdı. Plan nə qədər işə yaradı, demək olmaz. Amma İmamoğlu və Özgür Özəl arasında nifaq toxumları – seçkinin bəhrəsini kim yeyəcək uğrunda daha da dərinləşəcək.

Üçüncüsü, iqtidar üçün AKP səhifəsi bitdi, lakin müraciət etdiyi millətçilər, sağçılar və yüksələn “Rifah”çıların timsalında – toxunulmaz 40-45 faizlik səs qalmaqdadır.

Dördüncüsü, post-Ərdoğan dönəmi üçün iqtidarın iki parlaq siması başqanlıq yarışında önə çıxacaq. Hazırkı xarici işlər naziri Hakan Fidan və “Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraktar”.

Vüqar Zifəroğlu

Politoloq Vüqar Zifəroğlu isə hesab edir ki, Yenidən Rifah Partiyası AKP-nin nüfuzlu olduğu bölgələrdə səs aldı:

“Bu, dini həssaslığı olan seçici səslərinin müəyyən hissəsinın iqtidar partiyasından YRP-ə keçməsi deməkdir. Bundan başqa, sıravi türk vətəndaşlarının iqtisadi problemlərə münasibəti özünü bələdiyyə seçkilərində göstərdi.

Görünən budur ki, AKP müəyyən təsiredici, hətta partiya daxilində bir qisim dəyişikliklərə getməli, eyni zamanda iqtisadi problemlərin həll edilməsi istiqamətində daha nəticəli addımlar atmalıdır. Prezident seçkilərindəki qalibiyyətin üstündən 10 ay keçdikdən sonra mövcud mənzərənin ortaya çıxması, əslində həm də ciddi çağırışdır və seçicinin xəbərdarlığı kimi də qiymətləndirilə bilər”.

Turan Rzayev
Globalinfo.az