“Erməni soyqırımı”nı təbliğ edənləri hansı cəza gözləyir? – Deputat açıqladı

Son günlər bəzi azərbaycanlılar erməni “soyqırımı” haqda paylaşımlar edir, bu məsələni başqa formada gündəmə gətirirlər. Bəs həmin şəxsləri hansısa hüquqi cəza gözləyirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Bəhruz Məhərrəmov haqlı bildirib ki, 1915-ci ildə tarixdə yalnız bir qətliam olub, o da Anadoluda yaşayan türklərin, o cümlədən Qars, İğdır, Ərzurumda yaşayan Azərbaycan türklərinin qətliamı.

Millət vəkili deyib ki, Osmanlı dövləti bu qırğınların qarşısını alarkən 3-5 cinayətkar erməni öldürülübsə, bu hələ erməni soyqırımı barədə danışmağa əsas vermir:

“Osmanlı dövləti, erməni generallarının da olduğu Osmanlı ordusu sadəcə türklərin məruz qaldığı soyqırıma son qoymaq üçün qəti addımlar atmağa məcbur olublar. Amma istənilən halda hər iki tərəfdən ölənlərin sayı müqayisə olunmazdır, ermənilər 1915-ci il hadisələrindən minimum itkilərlə çıxıblar. Təsadüfi deyil ki, Türkiyə, günü bu gün arxivlərin qarşılıqlı formada açılmasını təklif edir, lakin Ermənistan saxtakarlığının meydana çıxacağından ehtiyat edərək bu təkliflə razılaşmır”.

Bəhruz Məhərrəmov

B.Məhərrəmov ermənilərin yalanının üzə çıxması haqda danışıb:

“Ümumiyyətlə, diqqət etsəniz, “erməni soyqırımı” məsələsi daha sonralar, Türkiyə gücləndikcə, Ankaranın qarşısına sədd qoyulması üçün süni formada meydana çıxarılıb, təsir alətinə çevrilib. Sovet tarix dərsliklərinə baxsanız, 1915-ci il hadisələri zamanı 120 min erməninin öldüyü qeyd olunurdu, 70-ci illərdə bu rəqəm 280 minə, sonra 400 min, daha sonra yarım milyon, hazırda isə 1 milyona çatdırılıb. Belə çıxır ki, bunların ölüləri artıb törəyir. Həm də bu artım Türkiyə daha da inkişaf etdikcə baş verir.

Hazırda da Qərbdən Ankaraya təzyiq etmək istəyənlər Türkiyənin özündə, digər türk dövlətlərində 5-ci kolonlar formalaşdıraraq “soyqırım” mövzusunda lokal dəstək qrupları yaratmaqla qalanı içdən fəth etmək istəyir. Təəssüf ki, Türkiyədə də, Azərbaycanda da milli heysiyyətini satan adamlar tapılır və muzd qarşılığında könüllü formada erməni təbliğatının bir hissəsinə çevrilir. Təbii ki, bu tip məsələlərdə qanunlardan daha çox ictimai reaksiya işə düşməli, cəmiyyət özü həmin insanlara yerini göstərməlidir”.

Zaira Akifqızı
Globalinfo.az