Ərdoğanın dördlü görüş təklifi: Paşinyan yeni formatla razılaşacaq?

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Rusiya və Ermənistana liderlər səviyyəsində dördtərəfli görüş keçirməyi təklifi bölgədə sülhə və əməkdaşlığa xidmət edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ərdoğanın  yeni format təklifini şərh edərkən politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin bu təklifə qarşı çıxacağını zənn etmirəm. Putin üçün əsas olan ABŞ-la Avropa İttifaqını Ermənistandan və bölgədən uzaq tutmaqdır. Əlbəttə, Kreml Türkiyənin Cənubi Qafqazdakı fəallığından, Azərbaycanla strateji müttəfiqliyindən məmnun deyil. Ancaq Putin ABŞ-la Türkiyə arasındakı seçimdə şübhəsiz ikinciyə üstünlük verər”.

Politoloq qeyd edib ki, problem Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlıdır:

“Ərdoğan dördlü görüş təklifini telefon söhbətində Paşinyana bildirib. Nikol Paşinyan son bir ildə Fransa prezidenti Emmanuel Makronun iştirakı olmadan Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdən çəkinir. Dördlü görüş perspektivi Paşinyanı daha çox qorxudur, çünki masanın bir tərəfində ermənilərin illərdir düşmən gözüylə baxdıqları Türkiyənin lideri, digər tərəfində də münasibətlərini pozmağa başladığı Rusiya prezidenti oturacaq”.

Vaşinqtonla Paris də dördlü görüş təklifindən məmnun qalmadıqlarından görüşün reallaşmaması üçün Paşinyana təzyiq edəcəklər”, – deyə politoloq vurğulayıb.