“Ermənistan Baş naziri Nikol Paşinyan son zamanlar bir-birindən fərqli, qərəzli, ziddiyyətli açıqlamalar verir. Bir yandan Azərbaycanla sülh prosesindən danışır, digər tərəfdən regiona kənar oyunçuları cəlb edib, Fransa, ABŞ-la təmasları sıxlaşdırır. Bu da azmış kimi, ciddi şəkildə silahlanır”.
Bu sözləri Globalinfo.az-a türkiyəli politoloq Hüsameddin İnanc deyib.
Onun sözlərinə görə, Paşinyanın dedikləri ilə etdikləri arasında ziddiyyət dərinləşir:
“İrəvanın ən qəribə davranışı KTMT-dən uzaqlaşıb Qərbə yaxınlaşması, paralel olaraq Rusiya ilə gizli əməkdaşlıq etməsidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Paşinyanın belə ziddiyyətli mövqeyini bildiyi üçün onunla bir araya gəlib. Ərdoğan başa düşür ki, regionda sabitliyin, inkişafın olması üçün sülh qısa zamanda imzalanmalıdır. Buna görə də görüşdə bu istiqamətdə məsələlər müzakirə edildi”.
Hüsameddin İnanc
Politoloq qeyd edib ki, Paşinyanın indiki məqamda hakimiyyətdə qalması həm Bakı, həm də Ankara üçün mühümdür:
“Çünki onun yoxluğunda hakimiyyətə yenidən Qarabağ klanı gələ, beləcə sülhə olan ümidlər tükənər. Ankara təşəbbüsü əldə saxlamaq, İrəvanı sülhə təşviq etmək üçün birbaşa Paşinyanla təmas qurur. Bütün bu proseslər isə hesab edirəm, Bakı ilə koordinasiyalı şəkildə aparılır. Yəni bu mənada Azərbaycanın bu kimi görüşlərə, ya da Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına neqativ baxmır”.
Turan Rzayev
Globalinfo.az