“Rusiya-Ukrayna müharibəsini qızışdıran Qərb dairələri var”.
Bu sözləri Globalinfo.az-a politoloq Azad Məsiyev deyib.
O bildirib ki, məsələnin dinc yolla müzakirəsinin qarşısını almaq istiqamətində qərarlar verilir:
“Bu müharibənin dayandırılması beynəlxalq aləmdə stabilliyin yaranmasına gətirib çıxarda bilər. Amma bu gün həmin müharibə bir nəticədir. Onu doğuran səbəblər var. Təəssüf ki, bu səbəblər araşdırılmır.
Ukrayna prezidentinin apardığı siyasət münaqişənin başlanmasına səbəb oldu. Zelenski müharibənin dayandırılması üçün heç bir addım atmır. Əksinə məsələnin dinc yolla müzakirəsinin qarşısını almaq istiqamətində qərarlar verir.
Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll olunması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təşəbbüs göstərmişdi, amma Qərb Zelenskiyə təzyiq edərək bu danışıqlara son qoydurdu. Ukraynada baş verən hadisələrdən ən böyük zərəri də xalq çəkir”.
Politoloqun sözlərinə görə, Zelenskinin hakimiyyət müddətinin bitməsi fonunda yeni siyasi hakimiyyət formalaşdırılmalıdır:
“Onu himayə edən Qərb Ukraynada seçkilərin keçirilməsinə mane olur: Zelenskinin hakimiyyətdə qalması və müharibənin uzadılmasında maraqlıdır. Rusiya rəhbərliyi dəfələrlə münaqişənin masa arxasında müzakirəsində maraqlı olduğunu bildirib. Amma Zelenski ilə danışıqların aparılması real görünmür. Çünki o, Ukrayna xalqının deyil, Qərbin maraqlarına xidmət edir.
Yeni situasiya yaradacaq siyasi hakimiyyət formalaşdırılmalıdır. Ali Rada bu prosesdə məsuliyyəti üzərinə götürüb. Yeni seçkilərə getmək mümkün olmasa da, konstitusion dəyişikliklər edərək parlamentli respublikaya keçib yeni hakimiyyət formalaşdırıla bilər. Yeni siyasi qüvvə hakimiyyətə gəlməlidir ki, müharibənin danışıqlar yolu ilə həlli mümkün olsun”.
Safura Bənnayeva
Globalinfo.az