Avropa İttifaqı liderləri fevralın 1-də Ukraynaya 50 milyard avroluq yardım paketini təsdiqləyib. Aİ Şurasının prezidenti Şarl Mişel sözügedən qərarı elan edib.
Maraqlıdır, 50 milyard yardım Ukraynaya hazırkı vəziyyətdən çıxmağa kömək edəcəkmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov qeyd edib ki, Avropa İttifaqının dünənki qərarı Ukrayna üçün böyük əhəmiyyətə malikdir:
“Uzun müddətdir Aİ daxilində bu məsələ ilə bağlı fikir ayrılıqları var idi. Bu da yoluna qoyuldu. Macarıstanın Baş naziri Viktor Orban son anlara qədər məsələ barədə əks fikirlər səsləndirsə də, nəticə etibarilə prosesə veto qoymadı”.
Politoloqun fikrincə, bu vəsaitlər Ukraynaya hədiyyə edilmir:
“50 milyard avroluq vəsaitin 17 milyardı qrant olaraq nəzərdə tutulur, qalan hissəsi də güzəştli şərtlərlə verilir. Bu vəsait Kiyevin bir çox məsələləri həll etməsinə imkan yaradacaq. Silah-sursat, hərbi texnikaların alınması, ölkə daxilində müəyyən makroiqtisadi vəziyyətin saxlanılması üçün lazımdır. 50 milyardla bu savaşı yürütmək çətin olacaq.
Oqtay Qasımov
Birləşmiş Ştatlar da bir müddət sonra prosesdə iştirak edə bilər. Seçkilərə qədər bu proses baş tutarsa, Ukrayna üçün uğur hesab ediləcək. Əks halda Donald Tramp prezident seçkilərində qalib gələrsə, Kiyevə yardım edilməsi sual altına düşəcək”.
Safura Bənnayeva
Globalinfo.az