WhatsApp Image 2024 05 03 at 15.58.25

“Türkiyədə çoxdan gözlənilən görüş baş tutdu. Prezident Rəcəb Tayyib Ərdoğan və bələdiyyə seçkilərində qalib gəlmiş ana müxalifət CHP-nin lideri Özgür Özəl arasında görüş keçirildi”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

O bildirib ki, Ərdoğan Özəllə prezident sarayında deyil, AK Partiyanın qərargahında görüşüb:

“Onların yanaşı kresloda oturması və qəbulun partiya qərargahında gerçəkləşməsi onu deməyə əsas verir ki, Ərdoğan Özəli partiya lideri olaraq qəbul edir. Ərdoğanın CHP lideri ilə illər sonra görüşməsinin bir neçə səbəbi var.

Birincisi, təbii ki, son bələdiyyə seçkiləridir. AKP ilk dəfə seçkidə məğlub oldu: Özəlin partiyanın başına gəlişindən sonra CHP böyük uğur əldə edərək səs faizinə görə ölkə miqyasında AKP-ni geridə qoydu. CHP 50 ilə yaxın bir müddətdə belə uğur qazanmamışdı.

İkincisi, iqtisadiyyatla bağlıdır. Bu məsələ görüşün əsas müzakirə edilən maddəsi olub. Türkiyənin iqtisadi vəziyyəti ürəkaçan deyil. Maliyyə naziri Mehmet Şimşek də son 1 ildə böyük uğura imza ata bilmədi. Bələdiyyə seçkilərində qazandığı uğurla CHP faktiki olaraq Türkiyə iqtisadiyyatının böyük hissəsini ələ keçirmiş oldu. Türkiyə iqtisadiyyatında Özəlin təsir imkanları daha genişdir. Buna görə Prezident ana müxalifətin lideri ilə hesablaşır.

Üçüncü məsələ isə AKP-nin təklif etdiyi Konstitusiya dəyişikliyi məsələsidir ki, Ərdoğanın bunu müxalifətin dəstəyi olmadan həll etməsi qeyri-mümkündür. Xüsusilə AK Partiya və ortağı MHP arasında bu məsələyə görə son zamanlar ciddi fikir ayrılığı yaşanır. Dövlət Baxçalı AKP-nin bəzi təmaslarından narahatdır. Baxçalı vəziyyətdən istifadə edərək strateji postlara öz adamlarını gətirməklə təhlükəsizlik və bürokratik aparatı ələ keçirmək istəyir. Bu isə Ərdoğanı narahat edir. Son zamanlar MHP liderinin dövlət aparatında nüfuz dairəsi hədsiz genişlənib.

Dördüncü əsas məsələ məhkəmələrdə yaşanan vəziyyətdir. Hazırda Türkiyədə məhkəmə prosesləri problemə çevrilib. Vətəndaş cəmiyyətləri məhkəmə sistemini demokratik sistemin əleyhinə fəaliyyət göstərməkdə, tapşırıq icra etməkdə ittiham edir. Özəl Ərdoğanla görüşdə ölkədə təcili məhkəmə islahatlarının aparılmasının zəruriliyini vurğulaya bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: