“Environmental Protection First”dən Ermənistana çağırış

Cənubi Qafqaz regionunda ətraf-mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən Ətraf-Mühitin Mühafizəsi Birinci Koalisiyası (Environmental Protection First Coalition) Ermənistanın mədən sektorunda fəaliyyət göstərən şirkətlərə kommunikasiyaya açıq olmaq çağırışı edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Koalisiyanın dərc etdiyi bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, Koalisiya daha əvvəl Ermənistanda mədən sektorunda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri Ətraf Mühitə Təsirin Qiymətləndirməsini (ƏMTQ) üzrə hesabatlarını öz saytlarında dərc etməyə çağırıb, buna rəğmən sözügedən sənədlər hələ də dərc olunmayıb: “Bu Ermənistanın mədən sənayesi fəaliyyətlərinin şəffaflığını sual altında qoyur. Biz Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərini koalisiyamızla ünsiyyətə açıq olmağa çağırırıq. Koalisiya şirkətlərin korporativ baş qərargahlarına regionumuzda ekoloji çirklənmə ilə bağlı rəhbərlikləri ilə görüşmək üçün müraciət etməyi planlaşdırır. Ətraf-Mühitin Mühafizəsi Birinci Koalisiyası hesabatlılığa ehtiyac olduğunu vurğulayır”.

Sənəddə qeyd edilib ki, koalisiya BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini əsas tutaraq bir neçə ay öncə Ermənistan Baş naziri Nikol Paşinyana müraciət edərək Ermənistanın mədən sənayesinin səbəb olduğu ciddi ekoloji vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib və hasilatın dərhal dayandırılmasını tələb edib.

Qeyd olunub ki, BMT-nin 2024 İqlim Dəyişikliyi Konfransı – COP 29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçirilməsini nəzərə alaraq Ermənistan ətraf mühitin mühafizəsində daha sayıq olmalıdır.

“Biz Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarını və ətraf-mühit aktivistlərini Cənubi Qafqazda təmiz ətraf-mühitin gücləndirilməsində bizim səylərimizə qoşulmağa çağırırıq. Nəticə etibarilə, bu ekoloji fəlakətdən ilk növbədə Ermənistan əhalisi zərər görür. Gəlin unutmayaq ki, təbiət heç bir sərhəd tanımır və biz hamımız eyni regionu paylaşırıq. Ermənistan dağ-mədən sənayesi ilə məşğul olan həm yerli, həm də beynəlxalq şirkətlərin ƏMTQ sənədlərinin tam məzmununu ictimaiyyətə çatdırmasını və ekoloji ədalət naminə məsuliyyətlə hərəkət etməsini təmin etməlidir”, – deyə sənəddə qeyd edilib.