Bakıda mənzillər kəskin bahalaşdı – Ekspert səbəbi açıqladı

Ötən gecə ölkədə zəlzələ baş verdikdən sonra bir çox əmlakçılar füsətdən istifadə edib, evlərin qiymətini süni şəkildə qaldırdılar. Bu isə insanlar arasında ciddi narazılığa səbəb olub. 

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, hər hansı bir hadisə baş verən zaman evlərin qiymətinin artırılmasının əsas səbəbi Azərbaycanda informasiya almaq, onu emal etmək, eləcə də yaymaq imkanlarının Avropa və digər inkişaf etmiş ölkələrdən geri qalmasıdır:

“Normalda zəlzələ baş verdikdən qısa müddət sonra müvafiq strukturlar bununla bağlı ictimaiyyəti məlumatlandırmalı, insanlar da həmin məlumatlara çıxış imkanı əldə etməli idilər. Amma səhərə qədər hökumətdən hər hansı tutarlı bir rəsmi açıqlama olmadı. İnsanlar da bu informasiyanı dərhal KİV vasitəsilə yayılan formalarda götürüb, istədikləri kimi emal etdilər və yaydılar.

Yalandan informasiya yaydılar ki, guya 2 saat sonra yenə zəlzələ baş verəcək, daha güclüsü isə saat 4-də olacaq və s. Halbuki bununla bağlı rəsmi qurumlar dərhal məlumat verməli idi. Təəssüf ki, bu, olmadı. Belə olan zaman da əsassız informasiyalar kəskin şəkildə yayılmış oldu. Nəticədə də müxtəlif sahələrdə, eləcə də əmlak bazarında artım oldu”.

Zaira Akifqızı
Globalinfo.az