Mədəkiçiltmə əməliyyatında ölümlər – Tanınmış cərrahdan həyəcan

Son zamanlar ölkədə mədəkiçiltmə əməliyyatları üçün müraciət edənlərin sayı artıb. Onların arasında əməliyyatı uğurla başa vuraraq həyatına davam edənlər də var, bir müddət sonra vəfat edənlər də. Son olaraq AzTV-nin 24 yaşlı əməkdaşı Vüqar Rəsulov mədəkiçiltmə əməliyyatından 2 gün sonra dünyasını dəyişib. 

Bəs mədəkiçiltmə əməliyyatından sonra ölümlərin səbəbi nədir?

Mövzunu Globalinfo.az-a şərh edən tanınmış tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla bildirib ki, arıqlamaq üçün aparılan əməliyyatların müəyyən riskləri var.

Onun sözlərinə görə, artıq çəkili insanların əməliyyata daxil olmaları risklidir:

“Çünki əksəriyyətinin ürək xəstəliyinə, şəkərli diabetə meyilliliyi olur. Hər halda ağır çəki olduğu üçün metabolik problemləri var. Ona görə də belə xəstələr mədəkiçiltmə üçün seçilərkən endokrinoloq, anestezioloq, dietoloq və digər həkimlərdən ibarət komanda ilə vəziyyəti dəyərləndirməli, daha sonra əməliyyatla bağlı qərar verməlidir”.

Adil Qeybulla

Professor deyib ki, bəzən xəstə əməliyyata alınarkən şərtlərə diqqət edilmir:

“Təəssüf ki, hərdən şərtlər pozulur, əməliyyatdan sonrakı dövrə o qədər də əhəmiyyət verilmir, xəstələr lazımi qədər müşahidə altında qalmır, nəticədə isə fəsadlar yaranır. Ümumiyyətlə, bu qəbildən ölüm halları ayrı-ayrılıqda araşdırılmalı, ölümün səbəbi müəyyən edilməlidir. Bu, həm statistika, həm elm, həm də sonrakı hərəkətlərin koordinasiya üçün vacibdir”.

Zaira Akifqızı
Globalinfo.az