Elmar Məmmədyarovdan İran-Azərbaycan münasibətləri haqda sensasiya: “Yaxın günlərdə…” – EKSKLÜZİV

Azərbaycan və İran arasında münasibətlər getdikcə gərginləşir. Ölkəmizdə İrana casusluq edən şəxslər saxlanılır, paralel olaraq SEPAH Azərbaycanı təhdid edən paylaşımlar yayır. Son olaraq İranın Azərbaycana nota verməsi, qarşılığında isə Bakıdan Tehrana etiraz notasının təqdim edilməsindən sonra Təbrizdəki konsulluğumuzda növbəti təxribat törədilib. 

Ümumilikdə iki ölkə arasında münasibətlərin son zamanlarda ən gərgin dövrünü yaşamasına əsas səbəb nə oldu? Münasibətlərin gələcək inkişafı necə görünür?

Bakı və Tehran arasındakı hazırkı vəziyyəti Globalinfo.az-a şərh edən sabiq xarici işlər naziri Elmar Məmmədyarov prosesdə Zəngəzur dəhlizinin rolundan söz açıb:

“Doğrudur, iki ölkə arasındakı münasibətlərdə hazırkı vəziyyət gərgindir. Amma Azərbaycanın hər zamankı kimi əsas məqsədi yaxşı qonşuluq münasibətləri saxlamaq, siyasi və iqtisadi baxımdan əməkdaşlıq əlaqələri formalaşdırmaqdır. Məlumdur ki, Zəngəzur dəhlizi kimi həyata keçirilməsi vacib olan layihələr var. Bu səbəblə inanıram ki, hər iki ölkə münasibətlərini yaxşılaşdırmaqda maraqlıdır və yaxın zamanda bu məsələ öz həllini tapacaq. Hazırda bir sıra politoloqlar daha çox SEPAH-ın mövqeyinə diqqət çəkir və s. Amma ilk növbədə İranın rəsmi bəyanatlarına baxılmalıdır”.

E.Məmmədyarov İranla münasibətlərin yaxında yoluna düşəcəyini, ortaq layihələrdə sadəcə bölgənin deyil, nəhəng dövlətlərin də maraqlı olduğunu qeyd edib:

“Hesab edirəm ki, aradakı gərginliyin yaranmasının əsas səbəbi İranın regional dövlət kimi Cənubi Qafqazda yavaş-yavaş mövqeyini itirdiyini düşünməsi oldu. Son proseslər Tehranda xeyli narahatlıq doğurdu və onlar həm daxili, həm də xarici auditoriyaya sübut etməyə çalışırlar ki, İran regiondakı mövqeyində qalır. Bu baxımdan bölgədə Tehranın Ermənistanla yaxınlaşması diqqət çəkir. Ona görə də Tehran üçün Azərbaycanla əməkdaşlıq təbii olaraq İrəvandan daha vacibdir.

Şimal-Cənub Dəhlizinin qurulması da yolların problemsiz açılması üçün İranla münasibətlərdən asılıdır. Cənubdan başlayan dəmiryolunun inşası mümkün olarsa, yüklərin birbaşa Avropaya daşınması asanlaşacaq. Ona görə Rusiya buna kifayət qədər maraq göstərir. Eyni zamanda bu, Hindistan və Çin kimi ölkələrin də maraq dairəsindədir. Onların milyardlarla dollar dəyərindəki yükləri həm Avropaya, həm də Rusiyaya rahat çatdırılar. Bütün bunları nəzərə alaraq hazırkı problemin tez vaxtda həllini tapacağını düşünürəm”.

Sabiq nazir mövcud gərginliyin hərbi qarşıdurma ilə nəticələnə biləcəyi ilə bağlı müzakirələrə aydınlıq gətirib:

“İranda konkret rəhbərlik yoxdur, bir-birindən fərqli qüvvələr var. SEPAH ayrı, Xarici İşlər Nazirliyi ayrı, mollalar ayrı mövqedən çıxış edirlər. Yekun bir mövqe yoxdur, hər biri öz bildiyini edir. Bu da danışıqlar üçün kimə müraciət edilməsinin daha doğru olacağı mövzusunda çətinlik yaradır. Xarici siyasət aysberq kimidir, mətbuat tərəfindən həyata keçirilmir. Yəni danışıqların keçirilməsi vacibdir. Şərt deyil ki, iki ölkədən birində olsun. Tərəflər arasında görüş üçüncü bir ölkədə də baş tuta bilər. Əsas olaraq gərginliyinin səbəblərinin araşdırılması lazımdır. Azərbaycanla problemin İranın milli maraqlarına uyğun olmasına inanmıram. Məncə, hər hansı fors-major hadisə yaşanmasa, gərginliyin tədricən yox olacağını düşünürəm. Nəzərə alaq ki, İranda milyonlarla azərbaycanlı yaşayır. Onların əksəriyyəti milli mənsubiyyətləri ilə qürur duyduqlarını və Azərbaycanı dəstəklədiklərini bildirirlər. Ona görə gərginliyin hərbi müstəviyə keçəcəyinə inanmıram”.

Qeyd edək ki, son olaraq Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında “Hüseyniyyun” qruplaşmasının “bayraqlarını” quraşdırması gərginliyin hələ nə qədər davam edəcəyi ilə bağlı suallar doğurub.

Ayşən Mustafa
Globalinfo.az