Əliyev seçkidən 48 saat sonra hərbi forma geyindi – Yeni müharibənin anonsu?

Fevralın 9-da Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.

Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağı ilə tanış olub. PUA-nın yerə enməsini izləyən Azərbaycan prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkib.

Bir çox ekspert bu səfəri “Akıncı” PUA-larının təqdimatında ölkəyə, bölgəyə, dünyaya – bir sözlə, dosta və düşmənə verilən nəhəng mesaj kimi qiymətləndirir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, İlham Əliyevin seçkidən dərhal sonra “Akıncı”ların önünə keçməsi təbii ki, təsadüfi deyildi. Burada yeni dövrün konturları var:

Birincisi, İlham Əliyev yeni dövrdə ordunun gücləndirilməsinin prioritet istiqamət olaraq qalacağını nümayiş etdirir.

İkincisi, bu istiqamətdə Türkiyə ilə əməkdaşlığın davam edəcəyi, Bakı və Ankaranın birlikdə hərəkət edəcəyi mesajı var.

Üçüncüsü və ən önəmlisi, bölgədə mümkün təhlükələrə hazırlıq mesajının verilməsidir.

Azərbaycan və Ermənistan arasında sülh danışıqları gündəmdə olsa da, bölgədəki vəziyyət kritikdir və istənilən an yeni təxribatların ola biləcəyi, ekslasiyanın yaranması riski var. Fransa başda olmaqla Qərb ölkələri bölgə üzərindəki planlarını Azərbaycanla eskalasiya ssenarisi üzərindən həyata keçirmək istəkləri istisna edilməməlidir. Rəsmi Bakı proseslərin mümkün inkişafını proqnozlaşdıra bilir. Əslində seçkilərin vaxtının önə çəkilməsi də yeni dövrə daha hazırlıqlı şəkildə getmək məqsədi daşıyırdı.

Əliyev mütləq səs çoxluğu ilə qazandığı seçkidən dərhal sonra “Akıncıların” önünə keçməklə Azərbaycanın bu dövrdə hazır olduğunun mesajını verdi. Yeni dövrdə qeyd etdiyimiz kimi, sülh danışıqları ön planda olsa da, eskalasiya riski də qalır və Cənubi Qafqazın geosiyasi mübarizədə yeni qarşıdurma ocağına çevrilməsi təhlükəsi mövcuddur. Əliyev Azərbaycanı bu təhlükələrdən qorumaq və prosesdən daha qazanclı çıxarmaq haqda düşünür”.

Turan Rzayev
Globalinfo.az