Bakinin Gunbatiminda Az%C9%99rbaycan Bayragi

“Hər şeydən əvvəl bir məsələni aydın dərk etmək lazımdır. Vətənpərvərlik yalnız ölkəyə emosional bağlılıqdan ibarət deyil. Bu məfhum özünü ölkənin rifahına töhfə verməyə hazır olmaqda, məsuliyyət nümayiş etdirməkdə, cəmiyyətin inkişafında fəal iştirakda və milli maraqların qorunmasına yönələn mövqedə göstərməlidir”.

Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, vətənpərvərlik milli mənsubiyyətin dərk edilməsi ilə paralel olaraq məsuliyyətli və fəal vətəndaş mövqeyinə çevrilməlidir:

“Xüsusilə dövlət və cəmiyyət həyatının həlledici məqamlarında fərdin nümayiş etdirdiyi mövqe onun vətəndaşlıq şüurunun və milli məsuliyyətinin mühüm göstəricisidir. Konstruktiv vətənpərvərliyin formalaşmasına təsir edən amilləri araşdıran elmi tədqiqatlarda bu proses bir neçə mühüm istiqamətlə əlaqələndirilir. Müsbət milli kimlik, vətəndaş və qlobal kimlik, sosial və fərdi dəyərlər, sosial ədalətə münasibət, eləcə də tənqidi və rasional düşüncə tərzi həmin amillər sırasında xüsusi yer tutur. Bu yanaşma göstərir ki, vətənpərvərlik yalnız hiss və emosiyalardan qaynaqlanan münasibət deyil, eyni zamanda şüurlu seçim, ictimai məsuliyyət və konkret fəaliyyət modelidir.

Bu baxımdan gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin formalaşdırılması yalnız tarixi biliklərin ötürülməsi və milli rəmzlərə hörmətin aşılanması ilə məhdudlaşmamalıdır. Əsas məsələ öyrədilən dəyərlərin gündəlik davranışda və ictimai fəaliyyətdə tətbiq edilməsidir. Çünki bu dəyərləri öz davranışı ilə nümayiş etdirən insan gənc nəsil üçün ən təsirli nümunəyə çevrilə bilər. Milli kimliyin dərk edilməsi, tarixi yaddaşın qorunması, ana dilinə və mədəni irsə bağlılıq, vətəndaş məsuliyyəti, hüquqa hörmət və ölkənin inkişafında fəal iştirak bu prosesin ayrılmaz komponentləridir.

Bu istiqamətdə nəsillərarası dialoqun gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Müasir cəmiyyətlərdə nəsillər arasında dünyagörüşü, informasiya istehlakı və dəyərlərə münasibət baxımından müəyyən fərqlərin yaranması bəzən qarşılıqlı anlaşmanı çətinləşdirir. Belə şəraitdə rəqəmsal maarifləndirmə və müasir kommunikasiya vasitələrindən səmərəli istifadə milli yaddaşın qorunması və vətəndaş kimliyinin möhkəmləndirilməsi üçün mühüm imkanlar yaradır. Ailə, təhsil müəssisələri, ictimai institutlar və bütövlükdə cəmiyyət bu məsələdə ortaq məsuliyyət daşıyır. Tarixi təcrübənin, ailə yaddaşının və dövlətçilik ənənələrinin gənc nəslə müasir informasiya vasitələri ilə çatdırılması nəsillərarası əlaqələrin möhkəmlənməsinə xidmət edə bilər.

Gənclərimiz tariximizi, dövlətçilik ənənələrimizi və tarixi şəxsiyyətlərimizi dərindən öyrənməli, ana dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə və milli irsimizə bağlılıqlarını gücləndirməlidirlər. Qlobal proseslərin ayrılmaz tərkib hissəsinə çevrildiyimiz, müxtəlif mədəni və informasiya təsirlərinin genişləndiyi bir dövrdə milli kimliyin qorunması daha da aktuallaşır. Qloballaşma proseslərindən kənarda qalmaq mümkün olmadığı kimi, bu proseslərdə milli-mədəni özünəməxsusluğu itirmək də zəruri deyil. Əksinə, milli kimliklə müasir dünyagörüşünün uzlaşdırılması gənc nəslin həm öz cəmiyyətini, həm də dünyada baş verən prosesləri daha dərindən anlamasına şərait yaradır”.

Politoloqun sözlərinə görə, burada mühüm prinsip ondan ibarətdir ki, vətənpərvərlik kor-koranə itaət kimi deyil, şüurlu, rasional və məsuliyyətli vətəndaş mövqeyi kimi formalaşdırılmalıdır:

“İnsan öz xalqının tarixini, dilini, mədəniyyətini və dövlətçilik ənənələrini bilməklə yanaşı, yaşadığı dövlətin siyasi-hüquqi sistemini, milli maraqlarını və qarşısında duran çağırışları da dərk etməlidir. Bu, milli mənsubiyyətin emosional səviyyədən şüurlu vətəndaş kimliyi səviyyəsinə yüksəlməsi deməkdir.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş “Azərbaycançılıq” məfkurəsi Azərbaycan xalqının bütövlüyünün, milli birliyinin və vahid dövlətçilik ideyasının təməl prinsiplərindən biridir. Bu məfkurə müxtəlif etnik, dini və sosial mənsubiyyətlərə malik vətəndaşları ümumi Vətən, ortaq tarix və vahid dövlətçilik ideyası ətrafında birləşdirən konseptual əsas kimi çıxış edir. Ona görə də “Azərbaycançılıq” ideologiyasının məzmunu, milli tariximiz və dövlətçilik ənənələrimiz gələcək nəsillərə ardıcıl və sistemli şəkildə ötürülməlidir.

Gənc nəsil bilməlidir ki, Azərbaycan xalqının müstəqillik tarixi yalnız 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə məhdudlaşmır. Bu müstəqilliyin əldə edilməsi və qorunması uğrunda xalqımız ağır sınaqlardan keçib, minlərlə insan canından keçib, qan töküb. Müstəqilliyin bərpası, onun qorunması və möhkəmləndirilməsi müxtəlif tarixi mərhələlərdə xalqımızın siyasi iradəsini, milli həmrəyliyini və fədakarlığını tələb edib. Bu tarixi həqiqətlərin gənclərə düzgün çatdırılması milli yaddaşın və dövlətçilik şüurunun formalaşması baxımından vacibdir.

Lakin vətənpərvərlik yalnız keçmişin qəhrəmanlıq tarixinin öyrədilməsi ilə məhdudlaşmamalıdır. O, eyni zamanda gələcəyin qurulmasında məsuliyyət daşımaq, ölkənin iqtisadi, elmi, mədəni və texnoloji inkişafına töhfə vermək, milli maraqları şüurlu şəkildə müdafiə etmək bacarığı kimi formalaşdırılmalıdır. Başqa sözlə, gənclər Vətəni yalnız onun tarixi ilə deyil, həm də bu gün və gələcək üçün gördükləri işlərlə sevməyi öyrənməlidirlər”.

sebnem hesenova 900x506 3
Şəbnəm Həsənova 

Ş.Həsənova qeyd edib ki, Azərbaycan xalqının otuzillik işğala son qoyulması istiqamətində nümayiş etdirdiyi milli birlik və həmrəylik də bu baxımdan mühüm tarixi təcrübədir:

“Azərbaycançılıq” məfkurəsi ətrafında birləşən xalqımızın iradəsi, dövlətin hərbi, siyasi və iqtisadi potensialı, eləcə də cəmiyyətin səfərbərliyi Vətən müharibəsində əldə olunan nəticələrdə mühüm rol oynadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında qələbənin əldə olunmasında Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığını, fədakarlığını və peşəkarlığını xüsusi vurğulayıb. Bu yanaşma dövlət rəhbərliyinin hərbi qulluqçuların xidmətinə verdiyi siyasi və mənəvi dəyərin ifadəsidir.

Torpaqlarımızın uzun müddət işğal altında qalması, yüz minlərlə insanımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olması dövlətimiz və xalqımız qarşısında strateji bir vəzifə müəyyənləşdirmişdi: güclü dövlət qurmaq. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri məhz bu strateji yanaşmanın mahiyyətini ifadə edirdi. İqtisadi potensialın gücləndirilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, ordunun modernləşdirilməsi və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin genişləndirilməsi müstəqil dövlətçiliyin möhkəm təməllərini formalaşdıran istiqamətlər idi.

2020-ci ildə Vətən müharibəsi nəticəsində ərazilərimizin əhəmiyyətli hissəsinin işğaldan azad edilməsi, 2023-cü ilin sentyabrında isə ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin və Konstitusiya quruluşunun bərpası bu tarixi prosesin mühüm mərhələləri oldu. Bu hadisələr müstəqil və suveren dövlət kimi yaşamaq iradəsinin, milli həmrəyliyin və uzunmüddətli dövlət quruculuğu siyasətinin nəticələri kontekstində qiymətləndirilməlidir.

Müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi də dövlətçilik və milli maraqlar kontekstində mühüm istiqamətdir. Prezident İlham Əliyevin xarici siyasət kursunda Azərbaycanın milli maraqlarının və suverenliyinin qorunması əsas prioritetlər kimi təqdim olunur. Beynəlxalq platformalarda ölkəmizin mövqeyinin ifadə edilməsi, milli maraqların müdafiəsi və dövlət institutlarının bu istiqamətdə koordinasiyalı fəaliyyəti Azərbaycanın xarici siyasət gündəliyinin mühüm elementləridir”.

Politoloq əlavə edib ki, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında ictimai və humanitar diplomatiyanın da rolu olub:

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı faciəsi haqqında məlumatların müxtəlif ölkələrdə yayılmasına və beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə yönəldilməsinə xidmət edib. Bu nümunə göstərir ki, milli maraqların müdafiəsi yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır, ictimai təşəbbüslər, humanitar diplomatiya və informasiya fəaliyyəti də bu prosesin tərkib hissəsidir.

Azərbaycanın müasir dövlətçilik təcrübəsi gənc nəslə mühüm bir həqiqəti çatdırmalıdır: müstəqilliyin qorunması yalnız tarixi nailiyyətlərə söykənməklə mümkün deyil. Bunun üçün güclü iqtisadiyyat, səmərəli dövlət institutları, müasir ordu, beynəlxalq münasibətlər sistemində çevik siyasət, milli birlik və cəmiyyətin yüksək məsuliyyət şüuru vacibdir. Bu gün Azərbaycanın beynəlxalq mövqeyinin və dövlətçilik potensialının möhkəmləndirilməsi istiqamətində əldə olunan nəticələrin davamlılığı da gələcək nəslin üzərinə düşən məsuliyyətlə birbaşa bağlıdır.

Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunun davam etdirilməsi gənclərin üzərinə yeni vəzifələr qoyur. Onlar milli kimliyimizi, tariximizi və ənənəvi dəyərlərimizi müasir dünyagörüşündən ayrı təsəvvür etməməlidirlər. Gənc nəsil həm milli-vətəndaş kimliyini, həm də mədəni mənsubiyyətini şüurlu şəkildə dərk etməli, Azərbaycan xalqının zəngin mədəni irsini və mənəvi dəyərlərini qoruyaraq müasir dünyada təmsil etməyi bacarmalıdır.

Cənab Prezident İlham Əliyevin çıxışlarında da xalqımızın tarixi, mədəni və mənəvi keyfiyyətlərinin qələbənin və dövlətçilik iradəsinin mühüm dayaqlarından biri olduğu dəfələrlə vurğulanıb. Bu yanaşma gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və müasir vətəndaş məsuliyyətinin bir-birini tamamlayan amillər kimi nəzərdən keçirilməsinin əhəmiyyətini göstərir.

Milli mənlik şüurunun inkişafı və vətənpərvərlik tərbiyəsi birdəfəlik həyata keçirilən tədbir deyil, davamlı ictimai, pedaqoji və dövlətçilik prosesidir. Bu prosesin uğuru ailənin, təhsil müəssisələrinin, dövlət institutlarının, ictimai təşkilatların və bütövlükdə cəmiyyətin birgə fəaliyyətindən asılıdır. Əsas məqsəd yalnız öz tarixini bilən deyil, həmin tarixdən nəticə çıxaran, milli dəyərlərini qoruyan, müasir dünyanın çağırışlarını anlayan və ölkəsinin gələcəyi qarşısında məsuliyyət daşıyan vətəndaş yetişdirmək olmalıdır”.

Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.

Turan Rzayev
Globalinfo.az

Paylaş: