putin ukrayna

“Axios” yazır ki, ABŞ Rusiyaya Avropada yeni təhlükəsizlik sazişi hazırlamağı təklif edib. Sənəddə Moskvanın tələblərinin nəzərə alınması və gərginliyin azaldılması üçün tədbirlərin yer alması nəzərdə tutulur. Cümə axşamı ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Moskvaya gedəcəyi bildirilir.

Məlumata görə, Uitkoff və Kuşner Rusiya Prezidenti Vladimir Putinlə görüşərək Avropa ölkələrinin gələcək sülh danışıqlarına cəlb olunmasını müzakirə edəcəklər.

“Moskvanın tələbləri” dedikdə nə nəzərdə tutulur? Rusiya Avropanın prosesdə iştirakına hansı şərtlə razılaşa bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, ABŞ-da Respublikaçıların aralıq seçkilərini uduzması, Demokratların həm Nümayəndələr Palatası, həm də Senatda üstünlük əldə etməsi 2 ildən sonra baş tutacaq prezident seçkiləri ilə bağlı da müəyyən ehtimallar yaradır:

“Bu durum təbii ki, Rusiyanın maraqlarına uyğun deyil. ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gələndən sonra Rusiyaya açıq və gizli dəstək verib. Ukraynaya hərbi yardımı minimuma endirib və verilən silahların maliyyəsini Avropa İttifaqına yükləyib. Bundan başqa, Ukraynaya siyasi təzyiqlərini gücləndirib, Rusiyanın hərbi təzyiqlərinin artması üçün şərait yaradıb. Ona görə də Respublikaçıların mövqelərini itirməsi Moskvanın da maraqlarını təhdid edir. Çünki Demokratlar 2 ildən sonra Ağ Evə də yiyələnsələr (hazırkı mənzərə bu ehtimalı daha güclü edir), o zaman ABŞ Ukraynaya tam gücü ilə dəstək verəcək ki, bu da Rusiya üçün ciddi problemlər yarada bilər.

Ona görə də Tramp İran məsələsindəki uğursuzluqdan sonra Ukraynada nəticə əldə etməyə, beləliklə də daxili ictimai rəyi öz lehinə çevirməyə çalışır. Bu baxımdan Vaşinqtonun bundan sonra Ukrayna məsələsində intensiv diplomatiyaya üstünlük verəcəyi gözləniləndir.

Burada əsas problem Rusiyanın şərtləridir. Rusiya məsələyə kompleks yanaşılmasının tərəfdarı kimi çıxış edir, atəşkəs yox, problemin birdəfəlik həll edilməsini istəyir. Bunu onunla əsaslandırır ki, atəşkəs Ukraynanın güclənməsinə şərait yaradacaq. Amma Rusiyanın şərtləri də qəbuledilməzdir. Rusiya bəyan edir ki, Ukrayna birmənalı olaraq NATO-ya üzvlük məsələsinin müzakirəsini dayandırmalı, alternativ təhlükəsizlik təminatları belə qəbul edilməməli, Donbas tamamilə boşaldılmalı, Donetsk, Luqansk, Xerson və Zaporojye Kiyev tərəfindən Rusiyanın ərazisi kimi de-yure tanınmalı və Ukraynada seçki keçirilməlidir.

Ukrayna isə bu şərtləri rədd edir, atəşkəsin əldə olunmasını və bundan sonra müzakirələrin başlanmasını tələb edir”.

eli zulfu 900x585 2
Əli Zülfüqaroğlu

Siyasi şərhçi bildirib ki, hazırda Ukraynaya ciddi dəstək verən yeganə güc Avropa İttifaqıdır (Aİ):

“Aİ hesab edir ki, Ukrayna hərbi-siyasi təzyiq altında güzəştlərə gedərsə, bu, bütövlükdə Avropa İttifaqının strateji məğlubiyyəti olacaq. Bundan sonra isə Rusiya İttifaqa da təzyiqlərini gücləndirəcək. Son zamanlar Avropa İttifaqının ABŞ-ın asılılığından xilas olma, müstəqil geosiyasi güc olaraq çoxqütblü dünyada yer alma cəhdləri Vaşinqtonu narahat etdiyi üçün Rusiyanın təzyiqləri ABŞ-a da sərf edir. Ona görə də vəziyyət kifayət qədər mürəkkəbdir. Ukrayna məsələsində irəliləyişin əldə olunması ABŞ və Avropa İttifaqı arasında ziddiyyətlərin hansı formada həll edilməsindən də asılıdır.

Rusiya Aİ-ni müharibənin tərəfi kimi qəbul etdiyi üçün danışıqlar prosesində yer almasını istəmir. İstər Prezident Vladimir Putin, istərsə də Rusiyanın digər yüksək səviyyəli rəsmilərinin verdiyi açıqlamalardan bəlli olur ki, Avropa İttifaqı Ukraynaya dəstəyini tamamilə dayandırarsa, danışıqlar prosesində yer ala bilər. Təbii ki, bununla bağlı ABŞ-la da konsensus əldə olunmalıdır.

Ona görə də qış aylarında qarşılıqlı hücumlar daha da şiddətlənəcək, Rusiya məsələni cəbhədə həll etməyə çalışacaq. Belə olan halda isə Avropa İttifaqı ABŞ-da prezident seçkilərinə qədər Ukraynanın məğlub olmaması üçün yardımlarını davam etdirəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: