Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiyanın Tbilisinin siyasi qərarlarına təsir göstərmək imkanına malik olmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, Kobaxidze bu barədə Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda keçirilən görüşdə çıxışı zamanı danışıb.

O, ölkəsinin Moskva ilə heç bir diplomatik münasibətinin olmadığını və hakimiyyətin Rusiyayönlü siyasət yürütməsi barədə ittihamların əsassız olduğunu iddia edib.

Baş nazir qeyd edib ki, 2012-ci ildən etibarən Gürcüstan və Rusiya arasında siyasi səviyyədə heç bir görüş keçirilməyib. Onun sözlərinə görə, bu dövrdə Rusiya tərəfindən Gürcüstanda nə ərazi, nə də iqtisadi genişlənmə baş verib.

Kobaxidze əvvəlki hakimiyyəti də tənqid edərək bildirib ki, 2004-2012-ci illərdə Gürcüstanın bir sıra strateji iqtisadi aktivləri Rusiya şirkətlərinə satılıb. O, xüsusilə Tbilisinin qaz, elektrik enerjisi və su təchizatında Rusiya şirkətlərinin iştirakını nümunə göstərib.

Hökumət başçısı vurğulayıb ki, hazırkı hakimiyyət dövründə Moskva ilə siyasi əlaqələr qurulmayıb və iki ölkə arasında diplomatik münasibətlər bərpa edilməyib.

Kobaxidze Moldova ilə müqayisə apararaq bildirib ki, həmin ölkənin rəsmiləri Rusiya ilə siyasi təmaslar saxladıqları halda, Gürcüstan bu cür əlaqələrdən uzaqdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: