tramp iran

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin başa çatdığını və Vaşinqtonun qələbə qazandığını bildirib. O, gələcəkdə İrana yenidən hərbi zərbələr endirmək istəmədiyini söyləyib.

Tramp ABŞ-ın tam qələbə əldə etmək niyyətində olduğunu vurğulayaraq, İranın dağıdılmış infrastrukturu bərpa etməsinin uzun illər çəkəcəyini deyib.

Trampın İranla bağlı bu açıqlamaları Vaşinqtonun Tehrana qarşı siyasətində yumşalma ehtimalından xəbər verir, yoxsa bu, İrana növbəti təzyiq mesajıdır? ABŞ-ın İran üzərində tam qələbə əldə etmək istəyi regionda hərbi qarşıdurmanın yenidən alovlanması riskini nə dərəcədə artırır?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Donald Trampın İranla bağlı son açıqlamalarında ilk baxışdan ziddiyyətli görünən iki məqam var:

“Bir tərəfdən, o, ABŞ-ın müharibədə qalib gəldiyini və yeni hərbi əməliyyatlara ehtiyac olmadığını bildirir, digər tərəfdən isə Vaşinqtonun tam qələbə əldə etmək niyyətində olduğunu vurğulayır. İranın dağıdılmış infrastrukturunun bərpası üçün 25 il lazım gələcəyini söyləməsi də təsadüfi deyil. Bu, əslində, hərbi əməliyyatların nəticələrini nümayiş etdirməklə yanaşı, Tehrana qarşı uzunmüddətli təzyiq strategiyasının davam edəcəyinə dair mesajdır.

Hesab edirəm ki, Trampın ritorikasındakı bu dəyişiklik ABŞ-ın İran siyasətindən geri çəkilməsi kimi qiymətləndirilməməlidir. Vaşinqton hazırkı mərhələdə hərbi əməliyyatların davam etdirilməsinin siyasi, iqtisadi və geosiyasi baxımdan doğura biləcəyi əlavə xərcləri nəzərə alır. Xüsusilə Hörmüz boğazında yaranmış vəziyyətin dünya enerji bazarlarına təsiri, region ölkələrinin müharibənin dayandırılması istiqamətində səyləri və ABŞ daxilində müharibəyə qarşı narazılığın artması Ağ Ev üçün manevr imkanlarını məhdudlaşdıran amillərdir. Bununla yanaşı, hərbi blokadanın saxlanılması və qüvvələrin yeni əməliyyatlara hazır vəziyyətdə tutulması göstərir ki, söhbət təzyiq siyasətinin dayandırılmasından getmir.

elcin mirzebeyli 900x890 1
Elçin Mirzəbəyli 

Digər tərəfdən, ABŞ-ın İran üzərində tam qələbə əldə etmək iddiası özü də kifayət qədər ciddi risklər yaradır. Çünki müharibənin siyasi nəticəsini hərbi gücün tətbiqi ilə müəyyənləşdirmək cəhdi qarşı tərəfin müqavimət iradəsini gücləndirə, diplomatik kompromis imkanlarını daralda bilər. İranın dövlət və təhlükəsizlik institutlarının, hərbi potensialının və regional təsir imkanlarının tamamilə neytrallaşdırılmasını hədəfləyən yanaşma isə yeni qarşıdurmalar üçün zəmin yaradır. Belə bir vəziyyətdə hər hansı lokal insidentin daha genişmiqyaslı hərbi eskalasiyaya çevrilməsi ehtimalı da istisna deyil.

Burada bir məqamı da nəzərə almaq lazımdır ki, hərbi baxımdan üstünlük əldə etmək hələ siyasi baxımdan qələbə qazanmaq demək deyil. Dövlətin hərbi infrastrukturuna ciddi zərbə vurmaq, onun müqavimət imkanlarını məhdudlaşdırmaq mümkündür, lakin bu, həmin ölkənin siyasi iradəsinin və regional proseslərə təsir imkanlarının avtomatik olaraq aradan qalxması anlamına gəlmir.

Zənnimcə, Trampın açıqlamaları müharibənin başa çatması istiqamətində müəyyən siyasi iradənin mövcudluğunu göstərsə də, ABŞ-ın İrana münasibətdə strateji hədəflərinin dəyişdiyini söyləmək üçün əsas vermir. Daha çox belə görünür ki, Vaşinqton hərbi əməliyyatların intensivliyini azaltmaqla yanaşı, əldə etdiyi üstünlüyü iqtisadi, siyasi və diplomatik təzyiq vasitəsilə möhkəmləndirməyə çalışır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: