Dünya liderləri İlham Əliyevi təbrik edirlər

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov İlham Əliyevi Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

Globalinfo.az bildirir ki, S.Berdiməhəmmədov qələbəni İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsinə və ölkənin sosial-iqtisadi inkişafına istiqamətlənmiş siyasi kursuna yüksək səviyyədə etimadın və dəstəyin göstəricisi olduğunu qeyd edib:

“Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Səsvermənin nəticələri Azərbaycan xalqının Sizin dövlətçiliyin möhkəmləndirilməsinə və ölkənin sosial-iqtisadi inkişafına istiqamətlənmiş siyasi kursunuza yüksək səviyyədə etimadının və dəstəyinin göstəricisidir. Əminəm ki, bu mühüm hadisə Azərbaycan Respublikasının gələcəkdə də inkişafına və onun vətəndaşlarının rifahının yüksəldilməsinə kömək edəcəkdir.

Türkmənistan ilə Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinin səmərəli xarakterini qeyd etmək sevindiricidir. Əminik ki, bu münasibətlər gələcəkdə də inkişaf edəcək və iki ölkənin xalqlarının rifahı naminə dərinləşəcəkdir. Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinə şəxsi diqqətinizə və böyük dəstəyinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət və dövlət başçısı vəzifəsində məsuliyyətli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

X X X

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümumxalq səsverməsinin yekunları Sizin çoxşaxəli islahatlar kursunuza tam etimadın və xalqın birliyinin, dövlətin ərazi bütövlüyünün və dinamik inkişafının təmin edilməsi işində xidmətlərinizin təsdiqinin parlaq sübutuna çevrildi.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan uğurla inkişaf etməkdə, beynəlxalq birliyin nüfuzlu üzvü və regional dövlət kimi güclənməkdə davam edəcəkdir.

Qazaxıstanda Siz qardaş ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinin əzmkar tərəfdarı kimi böyük hörmətə maliksiniz.

Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın zəngin potensialının reallaşdırılması naminə sıx məhsuldar işimizin davam etdirilməsinə hazır olduğumu təsdiq edirəm.

Əminəm ki, bizim Bakıda keçirəcəyimiz tamformatlı görüş Qazaxıstan-Azərbaycan münasibətlərinin gələcəkdə dərinləşməsi məqsədilə qarşılıqlı səmərəli əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirməyə imkan yaradacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycanın rifahı və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər diləyir, nəzərdə tutduğunuz bütün planların uğurla reallaşmasını arzu edirəm”.

X X X

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, N.Maduro bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan xalqını və onun yenidən seçilmiş Prezident İlham Əliyevi təbrik edirəm. Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqınızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”.

X X X

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu münasibətlə ən xoş arzularımı qəbul edin.

Qardaş Azərbaycanın ali dövlət vəzifəsinə yenidən seçilməyiniz Azərbaycan cəmiyyətinin Sizə olan yüksək etimadının daha bir inamlı təsdiqidir və ölkənin ardıcıl sosial-iqtisadi inkişafına, həmçinin dövlətinizin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strateji kursunuzun xalqınız tərəfindən geniş şəkildə dəstəklənməsinin göstəricisidir.

Sizin Tacikistan-Azərbaycan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və dərinləşməsinə sanballı şəxsi töhfənizi vurğulayaraq bu əlaqələrin gələcəkdə də hərtərəfli inkişafına marağımızı ifadə edirəm.

Əminəm ki, biz gələcəkdə də birgə səylərlə iki ölkənin çoxplanlı qarşılıqlı münasibətlərini inkişaf etdirəcəyik, xalqlarımızın rifahı naminə bu əməkdaşlığı yeni praktiki məzmunla zənginləşdirəcəyik.

Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və təşəbbüslərinizin reallaşdırılmasında yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.

X X X

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

Müstəqillik dövründə ilk dəfə ölkənizin bütün ərazisində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Səsvermə zamanı seçicilərin nümayiş etdirdikləri güclü dəstək cəmiyyətin birliyini və Sizin Azərbaycan xalqı arasında yüksək nüfuzunuzu bir daha çox aydın şəkildə təsdiq etdi.

İyirmi il ərzində Sizin qətiyyətiniz, yüksək siyasi mədəniyyətiniz, xalqınızın səsini eşitmək bacarığınız sayəsində dünyada rəyi ilə hesablaşılan güclü, müstəqil dövlət qurulmuşdur. İqtisadi tərəqqi və vətəndaşların rifahının yüksəlməsi, ölkənin suverenliyinin möhkəmlənməsi və beynəlxalq aləmdə rolunun artması haqlı olaraq Sizin adınızla bağlıdır. Belarusun timsalında Sizin ədalətli və bərabərhüquqlu dövlətlərarası münasibətlərin qurulmasına, təhlükəsizliyin, dialoqun və etimadın möhkəmləndirilməsinə yanaşmaları bölüşən etibarlı dostunuz vardır.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə bütün planlarınızı həyata keçirmək üçün tükənməz enerji arzulayıram.

Sizi qonaqpərvər Belarus torpağında salamlamaqdan həmişə məmnunam.

X X X

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu, əziz Qardaşım.

Azərbaycan Respublikasında yüksək səviyyədə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi – əziz Qardaşımı səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən sonsuz məmnunluq duyuram.

Bu seçkilərdə Sizin namizədliyinizin əhali tərəfindən hərtərəfli dəstəklənməsi xalqınızın irəli sürdüyünüz strateji proqram və planlara sonsuz inamının əyani təzahürüdür. Bu, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olması, ölkənizdə bütün sahələrdə aparılan genişmiqyaslı islahatlar və böyük quruculuq işləri ilə bilavasitə bağlıdır desəm, əsl həqiqəti ifadə etmiş olaram.

Bu gün Sizin – öz xalqının həqiqi müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti şanlı zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır. Heç şübhəsiz, Sizin bu yüksək vəzifədə fəaliyyətiniz dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmlənməsinə və cəmiyyətin müasirləşməsinə, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə, ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasına xidmət edəcəkdir.

Əziz qardaşım, bu məqamda xüsusi qeyd etmək istərdim ki, son illərdə bizim ali səviyyədə fəal təmaslarımız və aramızda olan sıx qardaşlıq münasibətlərimiz, həyata keçirilən konkret layihələr və “yol xəritələri” qarşılıqlı faydalı əlaqələrimizə güclü təkan verir.

Sizinlə razılaşdığımız kimi, Özbəkistan və Azərbaycan arasında çoxtərəfli əlaqələrin sürətli inkişafı ili elan edilən cari il ərzində daha on yeni sahə üzrə, o cümlədən kimya, neft-qaz, mədənçıxarma, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş böyük planlarımızın tam şəkildə həyata keçiriləcəyinə inanıram.

Əminəm ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində uzunmüddətli strateji tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi rifahı naminə bundan sonra da səmərəli şəkildə inkişaf edəcəkdir.

Heç şübhəsiz ki, Zati-alinizin gələcəkdə ölkəmizə həyata keçiriləcək səfəri mövcud potensialımıza və imkanlarımıza uyğun olaraq çoxşaxəli və dostluq əlaqələrimizi tamamilə yeni səviyyəyə ucaldacaqdır.

Hörmətli İlham Heydər oğlu, bu mühüm qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.