Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə ağır cəza – FOTO

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Bəxtiyar Ağazadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Globalinfo.az pravda.az-a istinadən xəbər verir ki, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, Azərbaycan vətəndaşı Bəxtiyar Rafiq oğlu Ağazadə dini təhsil almaq üçün İran İslam Respublikasına olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlayıb, onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilərək həbs edilib.