“Diqqətli olmaq lazım, İran İsrail səfirliyini hər an vura bilər” – Politoloq 

İsrailin Suriyaya endirdiyi aviazərbələr fonunda İranın bu ölkədəki konsulluğuna zərər dəyməsi ətrafında müzakirələr davam edir. İran parlamentinin bəzi üzvləri İsrailin Bakıdakı səfirliyini vurmağa çağırış edib. 

Maraqlıdır, vəziyyətin gərginləşməsi fonunda İran nə kimi addımlar ata bilər? Tehran və onun proksi qüvvələri Bakıdakı İsrail səfirliyinə qarşı terakt planlaşdırır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, İranın ciddi simaları, əsas aparıcı rəsmiləri səssizliyini qoruyur:

“Yəni ölkəmizə qarşı hər hansısa bir çağırış yoxdur. Belə çağırış edənlər isə daha çox keçmiş deputatlar, ya da SEPAH-a bağlı ekspertlərdir. O ki qaldı Bakıdakı İsrail səfirliyinə qarşı teraktın olmasına, bu, hər zaman mümkündür.

Əvvəllər də İsrail səfirliyinə hücum cəhdi olunub. Amma çevik və operativ müdaxilə ilə bunun qarşısı alınıb. Bundan başqa İsrail özü də səfirliyin təhlükəsizliyinə ciddi diqqət edir. Bu məsələ Bakı ilə Təl-Əviv arasında koordinasiyalı şəkildə icra edilir.

İsrail İran konsulluğunu vurub, amma bu Azərbaycanda deyil, Suriyada baş tutub. Yəni İran buna cavab verəcəksə, bu, Azərbaycanda deyil, başqa bir ölkədə olması daha realdır. Bununla belə, risk hər zaman var və diqqətli olmaq lazımdır”.

Turan Rzayev 

Globalinfo.az