“Der Şpiqel”dən kritik məqalə: “Avropa artıq tək qaldığını anlamalıdır”

avropa ittifaq 13

Avropa liderləri hələ də ümid edirlər ki, ABŞ Putini Ukraynada ədalətli sülhə məcbur edə bilər. Lakin Tramp və vitse-prezident Vens Avropanı bu prosesdə əhəmiyyətsiz faktor sayırlar.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Der Şpiqel” çıxış edib. Jurnal yazır ki, Vensin Münhen Təhlükəsizlik Konfransında Avropaya təhdidin Rusiya və Çin yerinə Avropanın özündən gəldiyini deməsi köhnə qitə üçün siqnal ola bilər:

“Görünür ABŞ vitse-prezidenti Vladimir Putindən daha çox Avropa hökumətlərində böyük təhdid görür. Üstəlik, o, Qərbin birgə müdafiəsində heç bir əsas da görmür. Bu bəyanatı transatlantik münasibətlər baxımından tarixi adlandırmaq olar. Son ana qədər Avropa siyasətçiləri ümid edirdilər ki, ABŞ Rusiyanın aqressiyasına güzəştə getmədən sülh müqaviləsi imzalada biləcək. Lakin son günlər bu illüziyalar artıq yoxa çıxmağa başlayıb”.

Jurnal iddia edir ki, Avropa siyasətçilərinin Trampla Putinin telefon danışığına reaksiyası çox çarəsiz görünür. Avropalıların bu danışıqlarla bağlı nə deməyindən asılı olmayaraq, artıq Rusiya ilə ABŞ arasında danışıqların Avropanın maraqlarına uyğun aparılmadığı vurğulanıb. Buna əsas sübut kimi Putinin Trampla danışıqlarda müharibəni bitirmək üçün konfliktin kökündə dayanan problemin həll edilməsi gərəkdiyini vurğulaması olub. “Der Şpiqel” Putin konfliktinin kökünün Ukrayna olduğunu bildirib:

“Trampla danışıqlar Putinin əminliyini sadəcə gücləndirdi. O, Trampa əvəzində heç nə təklif etmədi, hətta mümkün danışıqların tarixini elan etməyə razılaşmadı. Tramp Putinə onun hesabladığından daha çox şey verdi. Tramp Putinin beynəlxalq statusunu artıraraq, onu danışıqların əsas aparıcı iştirakçısı etdi. Faktiki olaraq Ukrayna ərazilərinin qaytarılması ideyasından imtina etdi”.

“Der Şpiqel” yazır ki, Ukraynadakı müharibənin nəticəsi Qərbin dəstəyindən asılıdır və məhz bunun Putin illərlə Avropa və ABŞ arasında birliyi pozmağa çalışırdı:

“İndi Trampın zəngi və Vensin çıxışı sayəsində o bu istiqamətdə irəliyə əhəmiyyətli addım atdı. Putini güzəştə getməyə məcbur edəcək yeganə şey Tramp tərəfindən Ukraynaya maksimum dəstək ultimatumu ola bilərdi. Amma indi bu ssenari az inandırıcı görünür”.

Əliyar Xəlil
Globalinfo.az