Çingiz Abdullayevlə Əbdürrəhman Vəzirovu nə birləşdirir? – TARİXİ VİDEOLAR

Bu xalq Vəzirovu əsasən Azərbaycan türkcəsində danışa bilmədiyi üçün lağ obyekti etmişdi. Nə qədər anekdot qoşdular Əbürrəhmana. Rəhbər kimi qara qəpiklik hörməti yox idi.

Onun hakimiyyəti dövründə demokratik mühit var idi. AXC rəhbərliyi Ali Sovetin sessiyalarında tribunaya qalxıb, sözlərini deyirdi. Mərhum Nəcəf Nəcəfovla Ədürrəhman Vəzirovun rəyasət heyətindəki dialoqu tarixdə bir demokratiya nümunəsi kimi qala bilər. Sovet dövründə kommunist rəhbərin qarşısında o cür iradə nümayiş etdirmək, dirəşmək zarafat məsələ sayılmırdı. Nəcəf bəy bu davranışı ilə SSRİ-ni o səhnədə məğlub və rüsvay etdi. Elə Vəzirovun da xarizmasını çizdi, necə deyərlər. Məkanı cənnət olsun.

Artur Rasizadə neçə il baş nazir vəzifəsini tutdu. Yaxşı kadr idi. Savadına söz ola bilməzdi. Ciddi mütəxəssislərdən sayılırdı. Ana dilində qüsurlu danışırdı deyə heç kim ciddi yanaşmırdı ona. Məsxərəyə qoyulurdu. Xiyar turşusu haqda bir dəfə təklif verdi, peşman oldu. İllərlə bunun zarafatı dayanmadı. Artur müəllimin adı tələffüz edilən kimi, xiyar söhbəti ortaya girirdi.

Elmar Məmmədyarovun vəzifədə olduğu dövr Azərbaycanın ən mürəkkəb zamanları idi. Nəticəsiz Qarabağ danışıqları, yorucu görüşlər, Minsk Qrupu üzvlərinin bölgəyə mənasız səfərləri, ATƏT-in, BMT-nin bir qara qəpiyə yaramayan bəyanatları – bir sözlə, düzənsizlik, xaos beynəlxalq aləmi başına götürmüşdü.

E.Məmmədyarov Xarici işlər naziri olaraq funksiyasını qüsursuz yerinə yetirməyə çalışırdı. Əslində Elmar müəllim təcrübəli diplomatlardan sayılırdı. Uzun illərə dayanan fəaliyyəti vardı. İnsani keyfiyyətləri, mədəni səviyyəsi yüksəkdir. Globalinfo.az-a vaxtaşırı müsahibə, açıqlama verir. Jurnalistlərlə olduqca səmimidir. Vəzifədə olanda onu hədəfə gətirən əsas amil fikrini doğma dilində izah edə bilməməsi idi. Cəmiyyətin qınağına və gülüşünə tuş gəlirdi.

Bu günlərdə Xalq yazıçısı Çingiz Abdullayev yenidən gündəmin mərkəzi fiquruna çevrilib. Yazıçı tənqidlərdən bezdiyini deyib. Onun qənaətinə görə, Bakı ləhcəsində danışdığı üçün ona lağ edirlər, bezdirirlər. Belə Bakı ləhcəsi olar? Bakı şivəsi o qədər gözəldir, adam dinləyəndə ondan doymur. 30 ildir bakılılarla dostluğum var. Mən bu 30 ildə heç bir bakılının Çingiz müəllim kimi danışdığını nə görmüşəm, nə də eşitmişəm. Yazıçı öz xalqına minnət də qoyur, deyir, ölkədən gedəcək. Bu da bir başqa lağ predmetinə çevrilib. Yarızarafat, yarıciddi deyilir, “Allah bilir, nə fırıldağı var, aradan çıxmağa bəhanə axtarır”…

Ç.Abdullayevin rusca nitqinə ilişən olub indiyə kimi? Xatırlamıram. Hətta müharibə vaxtı Rusiya telekanalında ermənilərlə debatlarda o qədər savadlı, məntiqli danışdırdı, xalq ona “əhsən” deyirdi. Könül istəyir ki, hörmətli Çingiz Abdullayev öz doğma dilində də bu cür səlis danışsın. Xalqın dilini öyrənin, sonra onunla dialoq qurmağa çalışın. Alınmasa, o zaman inciyin.

Ç.Abdullayev AYB-dəki fəaliyyətinə görə də vaxtaşırı tənqid edilir. Elza Seyidcahan boyda fakt var ortada, cəmiyyət bunu ona bağışlamır və unutmur.

Öz dilində sərrast və sərbəst danışa bilmək böyük üstünlükdür. Bu, istənilən insanı güclü edən faktordur.

İki nümunə göstərəcəm. Mərhum prezident Heydər Əliyev 1993-cü ilin iyununda və 1994-cü ilin oktyabrında qiyamçılara və onlara dəstək verən siyasi müxalifətə danışığı, nitqi ilə qalib gəldi. O, xalqın dilini o qədər gözəl bilirdi ki… Auditoriya qarşısında danışmaq, hakimiyyətdə qalmağı təmin edən başlıca amillərdəndir. Sən əzik-üzük danış, fikrini ifadə edə bilmə, sonra de ki, məni anlayın.

İkinci nümunə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğandır. Onun natiqliyi dünyaya nümunədir. O qədər səlis, axıcı, məntiqli danışır, nitq irad edir ki, auditoriya bundan etkilənir. Ərdoğan türk dilində qüsurlu danışsa idi, inanmıram 21 il hakimiyyətdə qalardı. Yeri gəlmişkən, Türkiyədə ana dilində danışa bilməmək böyük ayıb sayılır və ictimaiyyət bunu əsla əfv etməz.

Çingiz Abduallayevi müdafiə edənlərdən soruşmaq lazımdır: Türkiyədə, lap elə Rusiyada, hətta istənilən Qərb ölkəsində Çingiz Abdullayev kimi ana dilini təhqir edən bir yazıçını müdafiə edən olardımı? Onu milli dəyər, qənimət ziyalı adlandıran tapılardımı? İnanmıram.

Yazıya Çingiz Abdullayevin ötən il AYB-nin qurultayında jurnalistlə məşhur dialoqunun videosunu əlavə edirəm.

Azər Ayxan
Globalinfo.az