Azərbaycanla Çin Xalq Respublikası (ÇXR) arasında münasibətlərin qurulmasının 31-ci ildönümü ərəfəsindəyik. Bu tarix 2 aprelə təsadüf edir. Azərbaycanla Çin arasında yaranan əlaqələrin inkişafı ötən illər ərzində kifayət qədər böyük yol qət edib. Bəzi ekspertlərə görə, qarşıdakı illərdə münasibətlərin daha da dərinləşməsi yönündə münbit imkanlar həyata keçiriləcək.
Maraqlıdır, həqiqətən Çin ilə Azərbaycan arasında əməkdaşlıq deyilən səviyyədədir? Rəsmi Pekini Bakıya yaxınlaşdıran səbəb nədir?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov deyib ki, bu gün Çinin dünyada artan geosiyasi mövqeyi və son zamanlar müşahidə olunan diplomatik həmlələri bu ölkənin Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığını zəruri plana çevirir:
“Çinin əsas məqsədi iqtisadi eksponsiyonizmdir. Bunu təsdiq edən bir məqamda rəsmi Pekinin Mərkəzi Asiyada həyata keçirdiyi layihələrdir. Belə ki, Çin bu regionda meqa layihələr icra edir, avtomobil, dəmir yolları ərsəyə gətirir, hava limanları tikir. Pekin bu yolla həm də Mərkəzi Asiya ölkələrində nüfuzunu genişləndirməyə çalışır.
İlyas Hüseynov
Hesab edirəm, Çinin Cənubi Qafqazda bənzər planları var. Nəzərə alsaq ki, Çinin məşhur “Bir kəmər bir yol” layihəsinin əsas xətti məhz Cənubi Qafqazdan keçir, bu, Bakı və Pekini bir-birinə daha sıx şəkildə birləşdirir.
Bu gün iki ölkə arasında iqtisadi münasibətlər bu kontekstdə sürətlə inkişaf edir. Dövlət başçıları səviyyəsində də əlaqələr müsbətdir. Təsadüfi deyil ki, bu yaxınlarda Çin Prezidenti Si Cinpin yenidən Çin rəhbəri seçildi və ölkə başçısı bu münasibətlə onu təbrik etdi.
Fikrimcə, rəsmi Pekin ilə təmasların hazırkı mərhələsi qənaətbəxşdir və bundan sonra da inkişaf perspektivləri var”.
Turan Rzayev