Bu qanunlar dəyişdirilir

Azərbaycan vətəndaşları Birləşmiş Ərəb Əmirliklərində sürücülük vəsiqəsini dəyişdirdikdə nəzəri və praktiki imtahandan azad ediləcəklər.

Globalinfo.az bildirir ki, bu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumu 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanıb.

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı mövcud ikitərəfli əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olub.

Bu günə qədər iki dövlət arasında çoxsaylı sənədlər imzalanıb. Bunlardan biri olan hazırki Anlaşma Memorandumu tərəflərin dövlətinə səfər edərkən və ya orada yaşayarkən öz dövlətinin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsinin sahibi olan vətəndaşların hərəkətini asanlaşdırmaq məqsədilə hazırlanıb.

Memorandumda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər.

Bu Memorandumun icrası üçün əlaqələndirmə tərəflərin səlahiyyətli orqanları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından Baş Dövlət Polis İdarəsi, Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi adından isə Nəqliyyat vasitəsinə və sürücülərə vəsiqələrin verilməsi üzrə Federal Baş İdarə həyata keçirir.

Memoranduma əsasən tərəf dövlətlərin müvafiq milli qanunvericiliyinə edilən hər hansı əlavə və ya dəyişikliklər barədə təxirəsalinmadan diplomatik kanallar vasitəsilə digər tərəfə məlumat verilməlidir. Eyni zamanda hər hansı fikir ayrılığı tərəflər birbaşa danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

Bu Anlaşma Memorandumu bütün prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Hazırki Memorandum qeyri-müəyyən müddətə bağlanılır. Ərəb və ingilis dillərində iki əsl nüsxədə imzalanıb. Memorandumun təsvirində hər hansı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətnə üstünlük veriləcək.

X X X

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir.

Globalinfo.az bildirir ki, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Təcrübədə bu maddədən sui-istifadə halları mövcuddur. Belə ki, bəzən ölkədə hüquqi şəxs təsis edib, orada rəhbər və ya onun müavini vəzifəsini tutan əcnəbilərin heç də hamısının həqiqətdə niyyəti ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq deyil, milli qanunvericiliyin yaratdığı imkandan sui-istifadə edərək ölkədə müvəqqəti yaşama icazəsi almaq, iş icazəsindən yayınmaqla əmək fəaliyyəti ilə məşğul olmaq və ya üçüncü dövlətlərə getmək üçün ölkə ərazisindən istifadə etməkdir. Qeyd olunan dəyişiklik nəticəsində bu sahədə yeni yanaşmanın formalaşdırılması və tənzimlənməsinin təkmilləşdirilməsi gözlənilir.

Belə ki, 45.1.6-1-ci maddənin yeni redaksiyada verilməsi nəticəsində azı 1 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir (Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olma tələb olunur).

Dəyişikliklə Məcəlləyə yeni 45.3-cü maddənin əlavə edilməsi təklif olunur. Belə ki, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edəcək.

X X X

Atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək.

Globalinfo.az bildirir ki, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, Məcəllənin 46-cı maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər sadalanır. Yeni layihəyə əsasən bu sənədlər siyahısına, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd daxil edilir.

Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsində əsasən bu Məcəllənin 45.1.1–45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 45.1.8–45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər. Qeyd olunan maddə təkmilləşdirilərək yeni redaksiyada verilir.

Belə ki, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin əcnəbilərə ölkə ərazisində uzun müddət yaşamaq, icazəsi almadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq, gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciət etmək imkanı və digər geniş imkanlar yaradır. Bu baxımdan həmin mexanizmin təkmilləşdirilməsi zəruridir. Bundan başqa, qabaqcıl ölkələrin təcrübələrinə əsasən əcnəbilər yüksək ixtisaslı mütəxəssis və ya ərazisində olduğu ölkənin vətəndaşı ilə birinci dərəcəli (ata, ana, ər (arvad) və övlad) yaxın qohum olarsa, həmin ölkə ərazisində daimi yaşamaq icazəsi almaq imkanı verilir. Bu baxımdan qohumluq münasibətlərinə görə daimi yaşamaq icazəsinin alınması üzrə qohumların dairəsinin məhdudlaşdırılması və yalnız müraciət edən şəxsin atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olduqda daimi yaşamaq icazəsi ala bilməsi təklif olunur.

X X X

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün 200 min manatlıq daşınmaz əmlaka və ya banklarda ən azı 200 min manat depozitə saib olmalıdır.

Globalinfo.az bildirir ki, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsində əksini tapıb.

Belə ki, bu şəxslərin Azərbaycanda daimi yaşaması üçün müvafiq tələblər 2 dəfə artırılır.

Daimi yaşamaq üçün icazəsi olan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 200 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim etməlidir.

Qeyd edək ki, həmin məbləğlər müvəqqəti yaşamaq icazənin alınması üçün 100 min manat məbləğində məqbul hesab edilir.