Bu ölkələrin rəhbərləri də İlham Əliyevi təbrik etdi

Fevralın 8-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Globalinfo.az xəbər verir ki, Bayram Beqay dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Albaniya ikitərəfli münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

***

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu məsul vəzifənin həyata keçirilməsində Sizə uğurlar arzulayıram. İnanıram ki, Siz dövlətinizin ümumi inkişafı və vətəndaşlarınızın firavanlığı naminə fədakarlıqla işləməyə davam edəcəksiniz.

Son 30 il ərzində Xorvatiya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf etməkdədir. Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə biz ümumi münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bizim iqtisadi əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır və bunun daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, Azərbaycan və Xorvatiya şirkətləri arasında sıx əməkdaşlığı daha da təşviq etmək, eləcə də qarşılıqlı sərmayələrə marağı artırmaq üçün səylərimizi əsirgəməyəcəyik.

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Kuba Prezidenti “X” sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edir, ona yeni mandatında uğurlar və xalqına firavanlıq arzulayıram. Hər iki ölkə arasında dostluğu və əməkdaşlığı bundan sonra da möhkəmləndirməyə hazır olduğumuzu bir daha bildirirəm”.