Xaçaturyanın məhkəməsində tükürpərdən ifadələr – YENİLƏNİB

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Proses oktyabrın 24-də davam etdiriləcək.

***11:24

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verir. Onlar Meşəli hadisələrinə Vaqif Xaçaturyanın rəhbərlik etdiyini vurğulayıblar. Vaqif Xaçaturyan isə onlara cavab olaraq Meşəli hadisələrini törədənlərin Ermənistandan, xaricdən gələnlər olduğunu, Daşnaksütyun Partiyasının üzvləri olduqlarını açıqlayıb.

O bildirib ki, həmin hadisələrdə iştirak etməyib. Prosesdə ifadə verən zərərçəkmişlər isə Vaqif Xaçaturyanı tanıdıqlarını, Meşəlidə cinayət törədənlərədn birinin də o olduğunu bildiriblər. Vaqif Xaçaturyan deyib ki, Meşəli kəndinə hücum planı bir gün əvvəl Xankəndidə hazırlanıb, həmin dəstənin başçıları Xankəndidən olub, onların adlarını bilməyib: “Bizim kənddən iştirak edənləri tanıyıram. Amma o biriləri tanımıram”.

X X X

“Vaqif Xaçaturyanın dəstəsi 5 nəfəri məktəbə salıb diri-diri yandırdı”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Fazil Hacıyev deyib.

Zərərçəkmiş təqsirləndirilən şəxsi tanıdığını, Vaqif və onun dəstəsinin insanları diri-diri yandırmalarının canlı şahidi olduğunu bildirib: “Ermənilər bütün yolları bağlamışdılar. Onlar 5 nəfəri məktəbə salıb diri-diri yandırdılar. Cinayətdə iştirak edənlər Badara kənd sakinləridir. Kəndə hücum zamanı özüm də ağır yaralandım, tanışım Allahverdini vurdular”.

Zərərçəkmiş Ədalət Salmanov söyləyib ki, Meşəli soyqırımını törədənlərin başında Vaqif Xaçaturyan dayanırdı: “Mənim maşınımı yandırdılar. Xaçaturyanın qardaşı kəndimizdə təsərrüfat briqadiri işləyirdi. Hücum zamanı çayın qırağında əmim oğlunu vurdular. Onun meyitini güclə çıxarıb təxliyə edə bildim”.

Zərərçəkmiş Arzu Rüstəmov vurğulayıb ki, həmin hadisələrdə onun qardaşı, polis əməkdaşı Hidayət Rüstəmov qətlə yetirilib: “Qardaşım daha çox “Mirpaşa” ləqəbi ilə tanınırdı. Qardaşım şəhid olmuşdu. Dekabrın 24-ü meyitləri götürməyə gedəndə qardaşımın yandırılmış, yəni kül vəziyyətində olduğunu gördüm. Qardaşım Milli Qəhrəmandır. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ən ağır cəza verilməsini tələb edirəm”.

X X X

“Vaqif Xaçatryanın dəstəsi Meşəli soyqırımında başımıza çox müsibətlər gətirib”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Bayram Hacıyev bildirib.

Zərərçəkmiş deyib ki həmin hadisələr zamanı gənc olduğunu bildirib: “O vaxt mən cavan idim və onun haqqında çox eşitmişəm. Vaqifin dəstəsi Meşəli soyqırımında başımıza çox müsibətlər gətirib. Ağsaqqallar bildirdilər ki, insanları diri-diri yandırırdılar. Badara kəndində mən başqa Vaqif adında şəxs eşitməmişəm. Arais, Ernes və Vaqifin dəstəsi bütün kəndə qan uddurdu”.

İş üzrə ifadə verən digər zərərçəkmiş Bəsti Behbudova isə qeyd edib ki, atası Meşəli hadisələrində ağır güllə yarası alıb və sonradan vəfat edib: “Həmin vaxt mən uşaq olmuşam. Amma valideynlərim və kənd camaatından Vaqif Xaçatryan barəsində çox pis şeylər eşitmişəm. Onun necə vəhşilik etməsi hamımıza məlumdur”.

***10:12

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsi davam edir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.

Ötən prosesdə məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xatırladaq ki, V.Xaçaturyanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçaturyanın vəkili Radmina Abulova olacaq.

Qeyd edək ki, Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçaturyana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

***08:54

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası bu gün keçiriləcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Ötən prosesdə məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs və iş üzrə zərərçəkən şəxslər məhkəmədə dindirilib.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.