ChatGPT Image Aug 5 2026 01 49 05 PM

Avqustun 15-dən etibarən metronun “Dərnəgül” istiqamətində hərəkətlə bağlı tətbiq ediləcək yeni qaydalar artıq ictimai müzakirəyə çevrilib. Sərnişinlər “Dərnəgül”dən “Nizami” stansiyasına qədər metrodan istifadə edəcək, “28 May”a getmək istəyənlər isə ekspress avtobuslara yönləndiriləcək.

Metrostansiyada aparılan təmir işləri başa düşüləndir. Şəhərin nəqliyyat infrastrukturu yenilənməlidir və bunun yaratdığı müvəqqəti narahatlıq qaçılmazdır. Müzakirə doğuran məsələ isə təmir yox, həmin müddətdə vətəndaşın üzərinə qoyulan əlavə maliyyə yüküdür.

Əksəriyyət gözləyirdi ki, pandemiya dövründə olduğu kimi, ekspress avtobuslardan istifadə ödənişsiz olacaq. Çünki sərnişin marşrutu öz istəyi ilə dəyişmir. O, metronun təmirə bağlanması səbəbindən əlavə nəqliyyat vasitəsindən istifadə etməyə məcbur qalır.

Belə olan halda, vətəndaş niyə eyni səfərə görə ikinci dəfə ödəniş etməlidir?

Xüsusilə nəzərə alsaq ki, metro və ekspress avtobus xidmətləri eyni nəqliyyat sisteminin tərkib hissəsidir, bu keçidin pulsuz təşkili həm məntiqli, həm də sosial baxımdan ədalətli olardı. Bu addım insanların narazılığını azaldar, dövlətin vətəndaşa həssas münasibətinin göstəricisinə çevrilərdi.

Üstəlik, bu qərar ən çox maddi imkanları məhdud olan insanlara təsir edəcək. Həssas sosial təbəqədən olan vətəndaşlar, minimum əməkhaqqı ilə yaşayanlar, kirayədə qalan tələbələr, hər gün ictimai nəqliyyatdan istifadə edən minlərlə insan üçün əlavə ödəniş bəzilərinə kiçik görünə bilər, amma belə deyil.

Tələbələrdən söz düşmüşkən, Azərbaycanda onların ictimai nəqliyyatdan istifadəsi ilə bağlı güzəşt məsələsinə yenidən baxılsa, yaxşı olardı. Bir çox ölkələrdə tələbələrə bu sahədə ciddi dəstək verilir. Belə təcrübələrin ölkəmizdə tətbiqi həm sosial ədalətə, həm də gənclərin dəstəklənməsinə xidmət edər. Sovet dövründə və müstəqilliyin ilk illərində bu sistem tətbiq olunub.

Yaxşı olardı, təmir işləri aparıldığına görə, vətəndaş maddi olaraq əlavə yüklənməsin. İnsanlar yaranan müvəqqəti çətinliyi anlayışla qarşılayırlar. Amma həmin anlayışın qarşılığında onlara da kiçik bir rahatlıq təqdim edilməlidir.

Bunlar insanlarda başqa suallar yaradır. Hətta belə bir təəssürat formalaşır ki, sanki bu addımla sərnişinlərin səbri ölçülür, ictimai rəyin “nəbzi” yoxlanılır. Əgər insanlar eyni marşrut üzrə əlavə ödəniş etməyə etiraz etməyəcəklərsə, sabah ictimai nəqliyyatda tarif artımını əsaslandırmaq daha asan olmayacaqmı?

Bu, əlbəttə, bir ehtimaldır. Amma qəbul edilən qərarlar məhz belə şübhələrin yaranmasına zəmin yaratmamalıdır. Dövlət qurumlarının əsas məqsədi vətəndaşın cibinə “girmək” yox, onun rahatlığını təmin etmək olmalıdır. Əks halda, hər yeni qərar ictimai nəqliyyatın gələcəkdə bahalaşacağı ilə bağlı narahatlıqları daha da gücləndirəcək. Bəzən vətəndaşı razı salmaq üçün böyük layihələrə ehtiyac olmur, cəmi bir qərar kifayət edir.

zaira akifqizi yeni
Zaira Akifqızı
Globalinfo.az

Paylaş: