Blinkenin sabah Ərdoğanla görüşü gözlənilir

ABŞ Dövlət katibi Antoni Blinken cümə günü İstanbula çatıb və şənbə günü onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

Globalinfo.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, onun bu səfəri İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan müharibədən bəri Yaxın Şərqdə dördüncü səfərdir və bu, müharibədən sonra Qəzzanın idarə olunması, eləcə də Qəzzada münaqişənin İsrailin işğal etdiyi İordan çayının qərb sahili, Livan və Qırmızı dəniz gəmi yollarına genişlənməsini dayandırmaq üçün diplomatik səylərin yeniləndiyini göstərir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller cümə axşamı keçirdiyi brifinqdə Dövlət katibinin xarici həmkarları ilə görüşlər keçirmək üçün Türkiyə, Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcəyini bildirib.

Dövlət Departamentinin məlumatına görə, Blinken Qəzzaya humanitar yardımı çatdırmaq üçün təcili tədbirlərin – ərzaq, su, dərman və ticarət mallarının olduğu yük maşınlarının sayının artırılmasını müzakirə edəcək. ABŞ-ın baş diplomatı eləcə də qalan girovların evə gətirilməsi üçün davamlı səylər göstərəcək.

Miller jurnalistlərə “Münaqişə bitdikdən sonra Qəzzanın necə olacağı ilə bağlı əlavə addımlar atdığımızı görəcəksiniz” deyib.

Blinkenin səfəri İsrailin HƏMAS militantları ilə müharibəsinin üç ayına yaxınlaşdığı vaxta təsadüf edir.

Dövlət Departamentinin bildirdiyinə görə, Birləşmiş Ştatlar HƏMAS-ın yüksək səviyyəli rəsmisi Saleh Əl-Arurinin çərşənbə axşamı Beyrutda öldürülməsindən sonra münaqişənin digər cəbhələrə yayılma riskindən “inanılmaz dərəcədə narahatdır”.

İsrail ordusu Livanın Hizbullah silahlı qruplaşmasının hücumlarına qarşı yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. Bu, Beyrutda Hizbullah-ın baş katibi Həsən Nəsrullahla yaxın əlaqəsi olan Əl-Arurinin pilotsuz təyyarə ilə öldürülməsindən sonra baş verib.