Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Netanyahunun ABŞ Konqresindəki çıxışını və İsrailin baş nazirini alqışlayanları tənqid edib. Lakin o, Fələstin liderindən də narazılığını bildirib. Buna səbəb Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbasın Türkiyə parlamentində çıxışdan imtina etməsidir. Ərdoğan M.Abbasın şok effekti yaradan bu davranışı səbəbindən ondan üzr istəməyi tələb etmişdi.
Məlumata görə, Mahmud Abbas İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresində çıxışının planlaşdırıldığı bir vaxtda Türkiyə parlamentində nitq söyləmək üçün dəvət edilib. Lakin Fələstin tərəfi təklifə dəqiq cavab verməyib.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Netanyahunun ABŞ Konqresindəki çıxışı zamanı konqresmenlər tərəfindən tez-tez alqışlanması böyük biabırçılıq idi:
Zeynal Əmrəliyev
“İsrail hazırda Qəzzada çox ədalətsiz əməliyyat keçirir. Bu proses çərçivəsində kütləvi şəkildə mülki insanlar ölür. Belə bir halda konqresmenlərin Netanyahunu ayaqüstə alqışlaması təqdir olunmamalıdır. Eyni zamanda o, Vaşinqtonda çox isti formada qarşılandı. Türkiyə-İsrail münasibətləri rəvan deyil. Dünəndən başlayaraq Livan-İsrail münasibətləri də gərginləşib. Hizbullah və İsrail bir-birini bombardman edir. Ümumiyyətlə, İsrailin bir çox islam ölkəsi və rəsmi Ankara ilə münasibətlərinin gərginləşməsi gözlənilən idi”.
Politoloqun sözlərinə görə, İsrailin mövcud hakimiyyəti liderliyini qoruduğu halda ölkənin müsəlman dünyası ilə müsbət əlaqə qurması çətin olacaq:
“Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbasın Türkiyə parlamentində çıxışdan imtina etməsi olduqca mənfi addımdır. Türkiyə Fələstinə əlindən gələn dəstəyi verir. Bununla belə Fələstin liderinin belə mövqe sərgiləməsi hökumətin zəifliyindən xəbər verir. Mahmud Abbas hökuməti Fələstin xalqının iradəsini əks etdirə, əlindəki fürsətlərdən düzgün istifadə edə bilmir”.
Safura Bənnayeva
Globalinfo.az