Beynəlxalq müstəntiqlər Zaporoje Atom Elektrik Stansiyasına baş çəkəcəklər

 

Beynəlxalq müstəntiqlər təhlükə altında olan Zaporoje Atom Elektrik Stansiyasını təftiş etməyə hazırlaşdığı bir vaxt stansiya ətrafında gərginlik yüksək olaraq qalır. Şənbə günü – avqustun 27-də stansiya ətrafında yeni artilleriya zərbələri haqda xəbər verilib.

Globalinfo.az Amerikanın Səsi-nə istinadla bildirir ki, Rusiya və Ukrayna bir-birini Avropanın ən böyük nüvə stansiyasına artilleriya zərbələri endirməkdə ittiham edir. Dövlət enerji şirkəti olan Energoatom şənbə günü Rusiya qoşunlarının öncəki gün stansiyanı dəfələrlə atəşə tutduğunu bildirib.

İttihamlara cavab olaraq, Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin son sutka ərzində stansiya ərazisini üç dəfə atəşə tutduğunu və beləliklə stansiyanın ümumi olaraq 17 dəfə artilleriya zərbələrinə məruz qaldığını deyib.

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin tezliklə stansiyasını yoxlamaq üçün əraziyə missiya göndərəcəyi gözlənilir. Rəsmilər nüvə kompleksinin müəyyən hissələrinin silah atəşinə məruz qalacağı təqdirdə radioaktiv sızma riskindən narahatdırlar.

Zaporojye Atom Elektrik Stansiyası fevral ayında, işğalın ilk həftələrində rus qoşunları tərəfindən ələ keçirilib və o həmin dövrdən cəbhə xəttində qalıb. Elektrik stansiyası ukraynalı işçilər tərəfindən idarə edlir. Zavodun operatoru işçilərin rus əsgərləri tərəfindən işgəncəyə məruz qaldıqlarını bildirir. Moskva BAEA-nin işini dəstəklədiyini, lakin öz əsgərlərini ərazidən çıxararaq, demilitarizasiya zonası yaradılmasından imtina edir.